Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bölgələrə səfəri çərçivəsində Quba və Xaçmaz şəhərlərində fəaliyyət göstərəcək regional mərkəzlərin, Qusar rayonunda isə yerli bölmənin iş şəraiti ilə maraqlanıb.
Agentliyin kommunikasiya və informasiya texnologiyaları şöbəsindən Foodinfo.az-a bildiriblər ki, Quba Zona Baytarlıq Laboratoriyasının fəaliyyəti, maddi-texniki bazası ilə tanış olan sədri aparılan laborator müayinələr, onların nəticələrinin qorunması və bununla bağlı vahid elektron bazanın yaradılmasının vacibliyini diqqətə çatdırıb.
Q.Təhməzli Quba "ASAN xidmət" mərkəzində qida məhsulları sahəsində fəaliyyət göstərən yerli sahibkarlıq subyektlərinin qeydiyyata alınması prosesinin həyata keçiriləcəyi bölməyə də baxıb. Agentliyin sədri qida təhlükəsizliyinin təmin olunması və istehlakçıların hüquqlarının müdafiəsinə dövlət nəzarətinin həyata keçirilməsi zamanı rahat və müasir innovasiyaların tətbiqini təmin etmək üçün mərkəzdə fəaliyyət göstərəcək əməkdaşlara qeydiyyatın və dövlət reyestrinin aparılması ilə bağlı müvafiq göstəriş və tövsiyələr verib.
Sonra Quba Rayon İcra Hakimiyyətinin inzibati binasında sakinlərlə görüşən Q.Təhməzli vətəndaşların müraciətlərini, arzu və təkliflərini dinləyib.
Şimal regionlarına səfəri çərçivəsində agentliyin sədri Xaçmaz şəhərində fəaliyyət göstərəcək Regional Mərkəzin, yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasının və digər inzibati bölmələrin iş şəraitinə də yerində baxış keçirib. O, dövlətimizin başçısının qida təhlükəzisliyi ilə bağlı son dövrlərdə imzaladığı fərman və sərəncamların qida zəncirinin bütün mərhələlərində istehlakçıların hüquqlarının qorunmasına və qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlar üçün münbit şərait yaradılmasına təkan verəcəyini vurğulayıb.