İyunun 30-da Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzinin inzibati binasında Qida Təhlükəsizliyi İnstitutunda və digər yerli struktur bölmələrdə işlə təmin olunmaq üçün müraciət edən Sumqayıt və Xırdalan şəhərlərinin sakinləri ilə görüşüb.
Bu barədə Foodinfo.az-a agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən məlumat verilib.
Yerli televiziyada əvvəlcədən elan olunmuş ixtisas istiqamətləri üzrə müraciət edən vətəndaşlarla görüşən agentlik sədri iş üçün müraciət edən iddiaçıların peşəkarlıq səviyyəsini, bilik və bacarıqlarını yoxlayıb, müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verib.
Q.Təhməzli görüşdə iştirak edən şəhər sakinlərinə dövlətimizin başçısının qida təhlükəsizliyi ilə bağlı son dövrlərdə imzaladığı fərman və sərəncamların qida zəncirinin bütün mərhələlərində istehlakçıların hüquqlarının qorunmasına, bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün münbit şəraitin yaradılmasına və əhalinin sağlam qida məhsulları ilə təmin olunması istiqamətində inkişafa təkan verəcəyini vurğulayıb.