Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.
Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə, görüşdə AQTA sədri 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn məsələlər barədə məlumatları səfirin diqqətinə çatdırıb. Bildirib ki, qanunun qüvvəyə minməsi bu sahədə effektiv nəzarət sisteminin qurulmasına və əhalinin təhlükəsiz qida ilə təmin olunmasına, qida və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin və ixrac potensialının artırılmasına öz töhfəsini verəcək. Həmçinin qida, bitkiçilik və baytarlıq məhsullarının idxal-ixracı ilə bağlı qanunda nəzərdə tutulan yeniliklər qonağın diqqətinə çatdırılıb.
Görüş çərçivəsində iki ölkə arasında bitkiçilik məhsullarının idxalı və ixracı, eyni zamanda müvafiq sahədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin Türkiyədə təcrübə keçmələri ilə bağlı müzakirələr aparılıb.
Sonda qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
[gallery ids="52647,52648"]