Restoran və kaferlərdə tez-tez yemək yeyən insanlar daha çox kimyəvi maddələrin təsirinə məruz qalır. Belə bir nəticəyə ABŞ-ın Corc Vaşinqton universitetinin alimləri gəlib. Araşdırmanın nəticələri “Environment International” jurnalında dərc olunub. Tədqiqat qrupunun üzvü Ama Zotanın sözlərinə görə,  evdə bişməyən qidanın tərkibində daha çox ftalatlar olur. Ftalat tipli sintetik polimerlərdən müxtəlif qab-qacaqlar, oyuncaqlar, tibb avadanlıqlarının (qanın köçürülmə sistemi) hazırlanmasında plastifikator kimi, həmçinin lak, parfyumeriya, həşəratlara qarşı repellentlər istehsalında istifadə edilir. Adı çəkilən kimyəvi maddələr duz və ftalat turşusunun efirlərindən ibarət olub, insan orqanizmində hormonların fəaliyyətində pozuntular yaradır və müxtəlif xəstəliklərin meydana gəlməsinə səbəb olur. Zota və həmkarları araşdırma zamanı  Əhalinin sağlamlığının və qidalanmasının milli araşdırma mərkəzinin  (ABŞ) 2005-2014-cü illər ərzində topladığı materiallardan istifadə edib. Sorğuda 10 mindən çox insana son günlər ərzində harada, nə yedikləri sualı verilib. Respondentlərin 60 faizindən çoxu evdə yemədiklərini bildirib. Bundan sonra mütəxəssislər insanların qəbul etdiyi qidalarla, orqanizmdə olan ftalat miqdarını müqayisə edib. Müəyyən edilib ki, evdə qidalanan insanlarla müqayisədə tez-tez kafe və restoranlarda yemək yeyən insanların orqanizmində ftalat miqdarı 35 faiz çox olub. “Hamilə qadınlar, uşaqlar və yeniyetmələr hormonların fəaliyyətini pozan  kimyəvi maddələrin toksik təsirlərinə daha həssasdır. Ona görə onların təsirini məhdudlaşdırmağın yolunu tapmaq lazımdır” deyə tədqiqat qrupunun rəhbəri bildirib. Ftalatlar restoran və kafelərdə geniş istifadə olunan əşyaların o cümlədən, əlcəklərin, yemək konteynerlərinin, müxtəlif mətbəx texnikasının tərkibində olur. (Oxu.az)