Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkili və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Foodinfo.az xəbər verir ki, Agentlik müfəttişləri tərəfindən Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə İsmayıllı rayonu ərazisində keçirilmiş reyd zamanı İsmayıllı kəndində Zülfiyev Vüqar Təşkilat oğluna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində istehlaka yararsız 3 baş at cəmdəyi (300 kq) aşkar olunub. Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Araşdırmalar davam etdirilir. AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.