Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitki mühafizə vasitələri, pestisid və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanılması və satışı ilə bağlı qaydalara əməl edilməsi, baş verə biləcək təhlükələrin qarşısının alınması və digər zəruri tədbirlərin icrası məqsədilə pestisid və aqrokimyəvi maddələrin satış və saxlanma yerlərində mütəmadi yoxlama-nəzarət tədbirləri keçirir. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, Agentlik əməkdaşları tərəfindən Samux rayonu, Alabaşlı qəsəbəsində yerləşən, Cəfərov Zahid Həbib oğluna məxsus istixanada aparılmış planlı yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib. Belə ki, işçi heyətin tibbi müayinədən keçmədiyi, həmçinin saxlanma anbarında istifadə müddəti bitmiş 14 adda pestisid və aqrokimyəvi maddə müəyyən edilib. Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib. AQTA bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin istehsalı və idxalı ilə məşğul olan sahibkarları öz fəaliyyətlərini qanunvericilik çərçivəsində həyata keçirməyə və təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırır. [gallery ids="52241,52242,52243"]