Pendir... Əksər evlərdə səhər yeməyinin ayrılmaz hissəsidir. Pendirlər ən çox istifadə etdiyimiz qidalardan biri olsa da, onun necə hazırlanması, hazırlanarkən hansı saxtakarlığa yol verildiyi və keyfiyyətli qidaları necə ayırd edilməsi barədə bir çox insan məlumatszıdır.
Foodinfo.az bunu nəzərə alaraq pendir istehsalçılarının “fırıldaqçılığını” və keyfiyyətli pendiri ayırd etməyin yolunu araşdırıb. Öncə saxtakarlıq yollarını sıralayaq:
- Bəzi istehsalçılar ağ pendirə ərp vurur. İstehlak müddətini uzatmaq üçün isə nitrat maddəsi qatılır.
- Kiflənən pendiri əridərək krem pendir hazırlayırlar.
- Boyatlaşmış süddən istifadə edərək istehsal xərcini aşağı salmağa çalışırlar.
- Bəzi növ pendirləri ideal rənginə çatdırmaq üçün “kroten” adlı qida boyası istifadə edirlər.
- Soda qatıldığı da söylənilir.
- Jele vurularaq sərtləşdirilir.
- Təbii süd əvəzinə süd tozundan istifadə edilir.
Əlbəttə ki, bunlar insan sağlamlığı üçün təhlükəlidir. Bu saxtakarlıqları hiss edə bilməyəcəyimiz qədər professional şəkildə edirlər. Odur ki, sağlamlığımızı təhlükəyə atmamaq üçün biz də mümkün olduğu qədər daha çox diqqətli olmalıyıq. Bəs saxta yollarla hazırlanan pendirləri necə ayırd edə bilərik?
Bunun cavabı aşağıdakı üsullardadır:
- İlk addım daha çox etibar etdiyiniz firmanın məhsulunu almaqdan başlayır.
- Keyfiyyətli pendirin qutusunun hər bir kənarı bir-birinə bərabər ölçüdə olmalıdır.
- Pendir hazırlanan qəlibin üstündə pas, kir və kif olmamalıdır.
- Pendir rəngini dəyişibsə (kirli ağ, sarımtıl və.s), ondan uzaq durmağınız məsləhət görülür. Bu, böyük ehtimalla xarab məhsuldur.
- Pendir nə çox bərk, nə də çox yumşaq olmamalıdır.
- Pendir alarkən iyi çox önəmlidir. İy qabiliyyəti güclü olanlar pendirdən kif, sabun və ammonium nitrat iyinin gəlib-gəlmədiyini yoxlamalıdır. Bu iylərdən birini hiss etdiyindən şübhələnərsə, o zaman həmin pendiri almamalıdır.
- İstehsal tarixinə xüsusi diqqət yetirilməlidir.
- Tərkibində süd faizi çox olan pendir istifadə edilməlidir. Və son olaraq qeyd etməliyik ki, pendirlərə paranoya dərəcəsində şübhə ilə yanaşmayın. Sadəcə etibar etdiyiniz yerlərdən və firmaların məhsullarından istifadə edin. Sağlamlığınızı saxta əllərin öhdəsinə buraxmayın!
Ayxan/Foodinfo