Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hər kəsə əlavə şəkər qəbulunu azaltmaq tövsiyə olunur.

Foodinfo.az xəbər verir ki, bu barədə Agentliyin yaydığı açıqlamada bildirilib.

Araşdırmalara əsasən, qeyri-infeksion xəstəliklər yer kürəsində hər il 41 milyon insanın ölümünə səbəb olur. Bu isə ümumi ölüm sayının 74%-ni təşkil edir. Müvafiq göstəricinin 17,9 milyonu ürək-damar xəstəliklərinin, 2 milyonu isə diabet xəstəliyinin payına düşür. Hansı ki, bu xəstəliklərin əmələ gəlməsinə şəkərin normadan artıq istehlak olunması təsir göstərir.

Əlavə olaraq, şəkərin normadan artıq istehlak edilməsi piylənmənin və diş çürüməsinin yaranmasında əsas risk faktoru hesab olunur.

Qeyd edilən risklər nəzərə alınaraq, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən böyüklər və uşaqlar üçün gündəlik əlavə şəkər qəbulunun təxminən 25 qrama (6 çay qaşığı) qədər azaldılması tövsiyə olunur.