Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

Foodinfo.az xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində Şəki şəhəri, Abdulla Şaiq küçəsində fəaliyyət göstərən toyuq kəsimi müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisənin qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, kəsimi həyata keçirilən toyuqların baytarlıq-sanitariya ekspertizasından keçmədiyi məlum olub. Eyni zamanda işçi heyətin dövri tibbi müayinəyə cəlb olunmadığı, xüsusi geyimlə təmin edilmədiyi, eləcə də müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb. Müayinələrin aparılması məqsədilə məhsullardan nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Eyni zamanda uyğunsuzluqların aradan qaldırılması istiqamətində metodiki dəstək göstərilib.

Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.