Hazırda dünyada biotəhlükəsizliklə bağlı məsələlər mühüm əhəmiyyət kəsb edir. Belə ki, beynəlxalq ticarətdə çeşidlilik və həcmin artması, eləcə də ekologiya və kənd təsərrüfatı təcrübələrinin dəyişməsi heyvan, bitki və onların məhsullarında mövcud olan xəstəliklərin yayılmasına, həmçinin bir regiondan digərinə ötürülməsinə şərait yaradır. Dünyada biotəhlükəsizlik sahəsində vahid yanaşma prinsipi ölkələri öz nəzarət strategiyalarını beynəlxalq standartlar əsasında qurmağa təşviq edir. Bu baxımdan ölkəmizdə biotəhlükəsizliyin təmin olunması istiqamətində aparılmış islahatlardan ən önəmlisi özündə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığını təmin edən müasir standartlara uyğun laboratoriya şəbəkəsinin mövcud olmasıdır.
Foodinfo.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) bu sahədə laboratoriya sisteminin inkişafının təmin edilməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirir. Həyata keçirilən tədbirlərin davamı olaraq Şəmkir rayonunda fəaliyyət göstərən istixanalardan birində monitorinq təşkil edilib. İstixananın yaxınlığına AQTİ-nin yeni Çadır tipli Səyyar Fitosanitar Laboratoriyası qurulub. Laboratoriya yüksək keyfiyyətli stereo və bioloji düz mikroskopla, molekulyar müayinənin aparılması üçün real zamanda PZR cihazı və digər avadanlıqlarla təchiz olunub. Şərti xəstəlik ocağında qısa müddət ərzində quraşdırılan laboratoriyada xüsusi təyinatlı müayinələr aparılıb. Bitkilərə ziyan vuran həşərat və gənələr, fitopatogen nematodlar, alaq otları və onların toxumları, göbələk, virus və bakteriya xəstəliklərinin müayinələri həyata keçirilib. Müayinələr morfoloji, klassik mikrobioloji və molekulyar səviyyədə aparılıb. Səyyar laboratoriya kifayət qədər nümunənin üzərində sınaqların həyata keçirilməsinə imkan verib. Aparılan müayinələr növündən asılı olaraq, bir neçə dəqiqədən bir neçə saata qədər yekunlaşıb.
Qeyd edək ki, Çadır tipli Səyyar Fitosanitar Laboratoriyanın üstünlüyü onun respublikanın ən ucqar ərazilərində belə, rahatlıqla qısa müddətdə qurulmaqla fəaliyyətə tam hazır olmasıdır. Bu hal müayinələrin vaxtında və yerində aparılması, diaqnostikanın operativliyinin təmin edilməsi üçün çox əhəmiyyətlidir. Eyni zamanda bu laboratoriya regionlarda aparılan monitorinqlər zamanı bitki və bitkiçilik məhsullarında mövcud olan zərərverici və xəstəliklərin qısa müddətdə aşkarlanmasına imkan yaradır. Belə ki, respublikanın hər hansı ərazisində bitkilərdə karantin tətbiq edilən zərərverici və xəstəliklərin böhran vəziyyəti yaranarsa, bu ərazilərdə monitorinqin aparılması, nümunələrin çöl şəraitində səyyar laboratoriyada diaqnostikası mümkündür. Eləcə də laboratoriyanın fəaliyyəti regionlarda müxtəlif zərərli orqanizmlərin yayılması riski olduğu halda, qısa müddət ərzində xəstəliklərin aşkarlanmasına imkan yaradır ki, bu da yüksək hazırlıq səviyyəsi hesab edilir. Bunun üçün laboratoriyada yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir.
Onu da bildirək ki, fitosanitar laboratoriyalarda aparılan müayinələr kənd təsərrüfatı məhsulları və ətraf mühiti zərərverici və bitki xəstəliyi törədicilərindən qorumağa kömək edir.