Stasionar kəsim məntəqələri baytarlıq-sanitariya ekspertizası laboratoriyaları ilə təmin edilməlidir. Bu laboratoriyalarda müvafiq avadanlıq və reaktivlərin olması zəruridir. Kəsilən heyvanlardan və ya quşlardan götürülən nümunələr həmin laboratoriyalarda laborator müayinələrə cəlb edilməlidir.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirilir. Sənədə əsasən, stasionar kəsim məntəqələrinin (nəqliyyat vasitələri üçün giriş və çıxış nəzərdə tutulduğu halda) nəqliyyat vasitələri və piyadalar üçün keçidlərində dezinfeksiyaedici baryerlər olmalıdır. Həmçinin bu kəsim məntəqələrində müvafiq tələblərə uyğun istilik, su, kanalizasiya, təbii və mexaniki havalandırma sistemləri, həmçinin yanğından mühafizə sistemləri quraşdırılmalıdır.
Qeyd edək ki, heyvan və quş kəsiminin, heyvan mənşəli qida məhsullarının ilkin emalının həyata keçirildiyi məntəqə (bina və ya digər tikililər) stasionar kəsim məntəqəsi adlanır.