Ət satışı müəssisələrində sub məhsullar digər ət və ət məhsullarından ayrı soyuducu və dondurucularda saxlanılmalıdır. Bu məhsullar yalnız qablaşdırılmış halda olduqda digər ət və ət məhsulları ilə eyni soyuducuda saxlanıla bilər.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlküəsizliyi Agentliyinin (AQTA) müvafiq qərarı ilə təsdiq olunan “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirilir.
AQTA-nın müvafiq qərarı ilə təsdiq olunan “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda da qeyd olunub ki, “Mal qonşuluğu” prinsipinə əsasən, sub məhsullar digər heyvan mənşəli qida məhsullarından ayrılıqda ayrı soyuducu və dondurucularda saxlanılmalıdır. Bu məhsullar yalnız qablaşdırılmış və bir-birindən təcrid olunmuş halda eyni soyuducuda və dondurucularda saxlanıla bilər. Həmçinin sənəddə bildirilir ki, soyuducularda sub məhsullar +3 °C dərəcədə, dondurulmuş sub məhsullar dondurucularda -18 °C ÷ -12 °C dərəcədə saxlanılmalıdır. Sub məhsulların emalı xəttində hərəkəti zamanı bir-biri ilə, döşəmə və divarlarla təması yolverilməzdir. Sub məhsulların çirklənmə riskini azaltmaq məqsədi ilə kəsilmiş heyvanların mədə-bağırsaq traktının çıxardılması və təmizlənməsi prosesi müvafiq bölmədə həyata keçirilir. Selikli sub məhsulların emalı heyvan kəsimindən 2 saatdan gec olmayaraq, digər sub məhsulların emalı isə 5 saatdan gec olmayaraq aparılmalıdır. Həmçinin heyvan və quş kəsimi məntəqələrinin toplanma bölməsində təyinatından asılı olaraq sub məhsullar və heyvan mənşəli əlavə məhsullar ayrı şəkildə toplanılır. Ət doğranması və qablaşdırılması bölməsində heyvan cəmdəklərinin və sub məhsullarının ayrı-ayrı hissələrə bölünməsi, doğranması və qablaşdırılması həyata keçirilir. Ətin soyudulması bölməsində sub məhsulların saxlanılması üçün soyuducuda, soyuducu kamerada xüsusi ayrılmış yerlər təyin edilir.
Qeyd edək ki, heyvan və quş kəsimi zamanı əldə edilən və qida üçün yararlı olan ət və ət məhsulları (dil, böyrəklər, beyin, ürək, qaraciyər, ağciyər, işgənbə, kitabça, dalaq, diafraqma, ətraflar, quyruq, yelin, pətənək və s.) sub məhsullardır.