Bitki və mikroorqanizmlər üçün qida mühiti substrat adlanır. Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da bildirilir. Təlimata əsasən, baramaları içəridəki canlı həşərat əzilmədən və ya qabığı zədələnmədən onların substratdan iti uclu yumşaq pinsetlə, bir kənarından (orta hissədəntutmaq olmaz) ehtiyatla tutaraq yığmaq lazımdır. Meyvələrə baxış zamanı meyvə milçəklərinin bağlı pupariləri aşkar edildikdə, onları neştərin köməyi ilə substratdan ayırmaq və sınaq şüşəsinə yerləşdirmək lazımdır. Yastıcaların çoxu substrata hərəkətsiz və ya çox az hərəkətli vəziyyətdə yapışdığına görə onları substratla birlikdə toplamaq lazımdır. Bunun üçün iti neştərlə ağacın qabığının, zoğunun, meyvənin qabığının və yarpaqların ən yoluxmuş hissəsi kəsilir. Zəif yoluxma zamanı tək-tək rast gəlinən yastıcaların ən iri nümunələri seçilərək bir neçə kəsik edilir. Yastıcaları bitkidən bitki hissələri ilə birlikdə kəsib götürmək və yaxud yoluxmuş bitkini bütövlükdə götürmək mümkün olmadıqda, yastıcalar substratsız yığılır. Ağqanadlılar çanaqlı yastıcalarla eyni qaydada olduğu kimi, substrat hissəcikləri ilə birlikdə toplanır və boş sınaq şüşələrinə yerləşdirilir. Gənələr spirtə batırılmış iynənin köməyi ilə yığılır. Növlərin müəyyən edilməsi üçün canlı nümunələri substratın bir hissəsi ilə yığıb boş sınaq şüşələrinə yerləşdirmək lazımdır.