Bölgələrdə taxıl biçinin başa çatıb. Fermerlər torpaqdan daha səmərəli istifadə etmək üçün payızlıq əkinlərə qədər öz sahələrində təkrar qarğıdalı əkini aparırlar. Bir il ərzində sahələrdə taxıl və qarğıdalının növbəli əkilməsi torpağın strukturunu yaxşılaşdırmaqla yanaşı, fermerlərin gəlirlərini də ikiqat artırmış olur. AZƏRTAC xəbər verir ki, təkrar qarğıdalı əkini bu bitkinin əkilməsi üçün münasib olan və suvarılan ərazilərdə aparılır. Bu il Göyçay rayonunda da 250 hektar sahədə təkrar qarğıdalı əkini aparılıb. Təkrar əkin aparan fermerlərdən biri də Eyvaz Səmədovdur. O, taxıl biçini başa çatdıqdan sonra 25 hektar sahədə qarğıdalı əkib. “Krasnodar” sortu əkmişəm, yaxşı bitiş alınıb. Qarğıdalı dəninə və yaşıl yemə heyvandarlıqda tələbat çoxdur. Bol məhsul gözləyirəm. Dövlətin bu ildən təkrar qarğıdalı əkinlərinə dəstək verməsi bizim işimizi daha da asanlaşdırıb. Yaxın günlərdə məhsul yığımına başlayacağam. Heyvandarlıq təsərrüfatlarında yemə tələbat yüksək olduğuna görə satış problemimiz yoxdur”, - deyə o bildirib. Dövlət taxıl biçini ilə yeni əkin dövrü arasında olan 6 aylıq müddətdə torpaqlardan səmərəli istifadə olunması üçün təkrar qarğıdalı əkinlərinin aparılmasını dəstəkləyir. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, təkrar qarğıdalı əkini aparan fermerlərin toxuma olan tələbatını ödəmək məqsədilə onlara hər hektara görə 60 manat birdəfəlik vəsait ödəniləcək. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, təkrar qarğıdalı əkinləri fermerlərin il ərzində əldə etdiyi gəlirləri daha da artırır: “Bu səbəbdən təkrar əkinlərin aparılmasında dövlət qədər, fermer də maraqlıdır. Bu il ilk dəfə 40 min hektardan artıq sahədə təkrar qarğıdalı əkini aparılıb. Apardığımız müşahidələr, fermerlərlə sahələrdə keçirdiyimiz görüşlər göstərir ki, məhsuldarlıq kifayət qədər yüksəkdir. Hesab edirik ki, təkrar qarğıdalı əkinlərinin dövlət tərəfindən dəstəklənməsi heyvandarlıqda yaşıl yemə olan tələbatın daha yaxşı ödənilməsini təmin edəcək.” Qeyd edək ki, bu il Azərbaycanın 41 rayonunda və Aqrar Elm və İnnovasiya Mərkəzinin təsərrüfatlarında taxıl biçinindən sonra təkrar qarğıdalı əkini aparılıb. Təkrar qarğıdalı əkini sahələrinin ümumi sahəsi 41 min hektara yaxındır. Ən çox əkin Tovuz rayonunda qeydə alınıb - 5348 hektar. Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Füzuli, Hacıqabul, İmişli, Kürdəmir, Saatlı, Sabirabad, Samux, Şəki və Zərdab rayonlarında 1000 hektardan çox sahədə təkrar qarğıdalı əkini aparılıb.