Təzə meyvə, tərəvəz və kökümeyvəlilərdən nümunə götürülməsi müvafiq tələblərə uyğun həyata keçirilir.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da bildirilir. Təlimata əsasən, məhsullar bağlama vahidlərində olduğu zaman nümunə olaraq nəqliyyat vasitəsinin müxtəlif hissələrindən (üst, orta, alt tərəf) müvafiq sayda bağlama vahidləri götürülür. Belə ki, partiyada olan bağlama vahidlərinin sayı 50 ədədə qədər olduqda 3, 51-100 olduqda 5, 101-300 olduqda 7, 301-500 olduqda 9, 501-1000 olduqda 10, 1000-dən çox olduqda isə 10 və hər sonrakı 100 bağlama vahidi üçün əlavə 1 bağlama vahidi götürülür.
Qalaq və dəstə halındakı məhsullardan nümunə götürülməsi zamanı tərəvəz və kökümeyvəlilər partiyasından ilkin nümunələrin formalaşdırılması üçün nəqliyyat vasitələrinin müxtəlif yerlərindən (üst, orta və alt tərəflərdən) ən azı 5 nöqtəvi nümunə götürülür. Belə ki, partiyanın kütləsi və ya partiyada olan dəstələrin ümumi sayı 200 ədədə qədər olduqda birgə nümunənin çəkisi və ya götürülmüş dəstələrin ümumi miqdarı 10, 201-500 olduqda 20, 501-1000 olduqda 30, 1001-5000 olduqda 60, 5000-dən çox olduqda isə 100 və hər sonrakı 1000 kq (ədəd) üçün əlavə10 kq (ədəd) təşkil edir.