Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Foodinfo.az xəbər verir ki, tədbirlər çərçivəsində Tovuz rayonunun Aşağı Quşçu kəndində fəaliyyət göstərən, fiziki şəxs Vüqar Şirzad oğlu Vəliyevə və Səməd Ələs oğlu Almədədova məxsus ət satışı mağazalarında plandankənar yoxlama həyata keçirilib. Yoxlama zamanı qeyd edilən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərdiyi və mağazalarda çalışan işçilərin tibbi müayinədən keçmədiyi müəyyən edilib. Həmçinin mağazalarda sanitariya və gigiyena norma və qaydalarının tələblərinin pozulduğu, ətlərin saxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi və ətlərin müşayiətedici baytarlıq sənədləri olmadan satıldığı aşkarlanıb.
Aşkarlanmış nöqsanlarla əlaqədar ət satışı mağazalarının fəaliyyəti məhdudlaşdırılıb. Eyni zamanda baytarlıq sənədi olmayan ətlərdən nümunələr götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Eləcə də V.Vəliyev və S.Almədədov barədə müvafiq tədbirlər görülüb, onlara fəaliyyətlərini mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırmaq barədə icrası məcburi göstərişlər verilib və sahibkarlıq subyektlərinin fəaliyyəti nəzarətə götürülüb.