Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ölkəmizə Türkiyə Respublikasından qida məhsulları idxal edən sahibkarlarla görüş olub.

Tədbir respublikamıza Türkiyədən yüksək riskli qida məhsullarının idxalı sahəsindəki vəziyyəti bir daha nəzərdən keçirmək, bu sahədə sahibkarlarla əməkdaşlığı daha da genişləndirmək, onları mövcud qanunvericilik və tələblər barədə məlumatlandırmaq, xidmətlərinin beynəlxalq tələblərə uyğun təşkilinə metodiki kömək göstərmək, həmçinin təkliflərini dinləmək və müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədilə keçirilib.

Görüşdə AQTA sədrinin müavini Əziz Şərifov qida təhlükəsizliyi, o cümlədən yüksək riskli qida məhsullarının idxalı sahəsində qarşıya qoyulan tələblər və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Foodinfo.az-ın xəbərinə görə, o bildirib ki, bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, ölkəmizə gətirilən yüksək riskli qida məhsullarının, xüsusilə heyvan mənşəli məhsulların istehsal və emal edildiyi obyektlərin təsdiqi prosesinə başlanıb. Bununla əlaqədar olaraq, hazırda ixracatçı ölkələrdə fəaliyyət göstərən istehsal müəssisələrinin yerində və ya videokonfrans formatında qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmənin nəticələri əsasında müəssisələr təsdiq olunur və ya müvafiq tələblərə cavab vermədiyi üçün təsdiqdən imtina edilir.

Tədbirdə, həmçinin bir sıra ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin qeydiyyatı və təsdiqi işinin uğurla aparıldığı vurğulanıb və Türkiyədən respublikamıza qida məhsulları idxal edilən müəssisələrin də bu prosesə fəal qoşulmasının vacibliyi önə çəkilib. Eyni zamanda bildirilib ki, əvvəlcədən verilmiş məlumata uyğun olaraq, 01 yanvar 2024-cü il tarixindən təsdiq üçün müraciət etməmiş müəssisələrdən ölkəmizə yüksək riskli qida məhsullarının gətirilməsinə icazə verilməyəcək.

Görüşdə çıxış edən Türkiyənin ölkəmizdəki səfirliyinin kənd təsərrüfatı üzrə müşaviri Hakan Kalender “Qida təhlükəsizliyi haqqında” Qanundan irəli gələn tələblər barədə Türkiyənin müvafiq qurumlarının məlumatlı olduğunu diqqətə çatdırıb. Eyni zamanda istehsal etdikləri qida məhsulları Azərbaycana gətirilən və Türkiyədə fəaliyyət göstərən obyektlərin qeydiyyatı və təsdiqi ilə bağlı işlərin daha da sürətləndiriləcəyinə əminliyini ifadə edib.