Quru uşaq qida məhsulları və altı aylığa qədər körpələr üçün nəzərdə tutulmuş pəhriz qidaları istehsal edən qida subyektləri Enterobacter sakazakii riskinə görə nümunəgötürmə planlarının bir hissəsi olaraq Enterobacteriaceae üçün istehsal sahələrindən və istehsalda istifadə olunan avadanlıqlardan nümunə götürülməsini təmin edir.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müvafiq qərarı ilə təsdiq olunan “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nda bildirilir.
AQTA-nın müvafiq qərarı ilə təsdiq edilən “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”da isə bildirilir ki, uşaq və pəhriz qida məhsullarının etiketlənməsi zamanı etiketin üzərində və ya açıq, qabsız daşınan mallarda qoşma sənədlərinin mətnində “Pəhriz qida məhsullarının etiketlənməsində əlavə olaraq təyinatı və istifadə qaydaları, əks göstərişlər də qeyd olunmalıdır” məlumatı göstərilməlidir. Həmçinin “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsi nəzərə alınmaqla, uşaq qida məhsullarının etiketlənməsində əlavə olaraq aşağıdakı məlumatlar əks olunmalıdır:
- üzərində əmtəə nişanının şriftindən kiçik olmayan şriftlə “UŞAQ QİDASI” yazısı;
- altı aylığa qədər körpələr üçün nəzərdə tutulmuş pəhriz qidalarında məhsulun məqsədli təyinatı barədə dəqiq göstərişlər, onun tərkibi, xüsusiyyətləri və istifadəsi üzrə məsləhətlər;
- istifadəsi məsləhət görülən yaş qrupları;
- istehlak qablaşdırması açıldıqdan sonra saxlama müddəti və şəraitinə dair tələblər.
Qeyd edək ki, uşaq orqanizminin fizioloji xüsusiyyətlərinə uyğunlaşdırılmış xüsusi qida məhsulları uşaq qida məhsullarıdır.