Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 4 saylı sınaq laboratoriyasında İtaliyanın “Ferrero” şirkətinin nümayəndələri ilə birgə fındıq nümunəsində aflatoksin sınaqlarının aparılması üzrə təlim keçirilib.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, təlimin məqsədi Azərbaycandan ixrac olunan fındığın keyfiyyətini və təhlükəsizliyini təmin edəcək davamlı qida zəncirinin qiymətləndirilməsi və aflatoksin sınağı əsasında praktik biliklərin təkmilləşdirilməsidir. İtaliyalı mütəxəssislərə əvvəlcə fındığın yığımı, saxlanması, nümunələrin düzgün homogenizasiya edilərək seçilməsi, laboratoriyaya çatdırılması və sınaqların həyata keçirilməsinə dair prezentasiyalar təqdim edilib, sonra isə müqayisəli metodlara əsaslanaraq fındıqda aflatoksin miqdarının təyini sınaqları keçirilib.
Sınaq zamanı keyfiyyətə nəzarət qrafikləri, kalibrləmə əyriləri, nümunə ekstraksiya metodları, şahid nümunələrinin saxlanması və digər məsələlər barədə müzakirələr aparılıb. Yaş və quru nümunə hazırlama metodları ilə fındığın aflatoksin sınağı üzrə nəticələri də müqayisə edilib və nəticədə yaş (slurry) metodun daha effektiv olduğu müəyyənləşib.