Yayın gəlişi ilə qida rasionumuz da təbii olaraq dəyişir.
Meyvə-tərəvəzin bol olduğu bu mövsümdə təəssüflər olsun ki, bəzi insanlar yediklərinə diqqət etmirlər. Nəticədə qida zəhərlənmələri faktı bu aylarda daha da artır. Azyaşlı uşaqlarda isə zəhərlənmə riskləri daha çoxdur. Bəs görəsən özümüzü və övladlarımızı bu təhlükədən necə qoruya bilərik? Ümumiyyətlə, zəhərlənmə baş verdiyi zaman xəstəyə hansı tibbi yardım göstərilməlidir?
Tibb üzrə ekspert, professor Adil Qeybulla Kaspi.az-a deyib ki, yay fəslində zəhərlənmələrin qarşısını almaq üçün istifadə edilən qidaların növünə, çeşidinə diqqət etmək lazımdır: "Bu aylarda daha çox qarpız, pomidor kimi məhsullardan zəhərlənmə faktlarına rast gəlinir. Tərkibində çoxlu su olan giləmeyvələr yetişdirilərkən müxtəlif gübrə və dərmanlardan istifadə olunur. Bu gübrələr məhsulun tərkibinə təsir göstərir və insan orqanizminə düşdüyü zaman toksiki təsir göstərir. Belə meyvələri kəsən zaman diqqət etmək lazımdır. Məsələn, qarpızın tərkibində çoxlu damarlar varsa və kəsdikdə partlamırsa, deməli, onun tərkibində problem var. Bundan başqa, məhsulların iyinə, dadına, rənginə və formasına fikir vermək lazımdır. Şübhəli məhsullardan qəti şəkildə istifadə edilməməlidir. Bundan başqa, konservləşdirilmiş məhsullardan da zəhərlənmə faktları baş verir. Düzdür, bu zəhərlənmələrə daha çox qış aylarında təsadüf olunur. Çünki konservləşdirilmiş qidalardan daha çox qışda istifadə olunur. Ümumilikdə götürdükdə isə qida məhsulu düzgün saxlanılmadıqda onda toksik infeksiyalar yaranır. Adətən köhnə qidalar belə zəhərlənmələrə səbəb olur. Açıq şəkildə satılan qidalardan istifadə etmək olmaz. Zəhərlənmə baş verdiyi zaman zəhərlənən şəxs dərhal maye qəbul etməlidir. Çünki maye toksiki maddələri sorur. Daha sonra xəstəyə ilkin tibbi yardım göstərilməlidir. Mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Bəzən səhlənkarlıq ucbatından ölüm hadisələri baş verir".
Pediatr Kənan Qarayev deyir ki, yay fəslində yaşından asılı olmayaraq bütün uşaqların qidalanma növünü düzgün seçmək lazımdır: "Bəzən infeksiyalar qidalanma, hava, su yolu ilə də keçə bilir. Sağlam uşaq xəstə uşaqla kontaktda olduğu, yaxud onun əşyalarından, qabından istifadə etdiyi zaman bu infeksiyalar bir-birinə ötürülür. Ona görə də belə məqamlara diqqət yetirmək lazımdır. Yay meyvə və tərəvəzlərin bol olduğu mövsümdür. Ona görə də meyvə və tərəvəzlərin yuyulmasına, onların saxlanma şəraitinə diqqət yetirmək lazımdır. Mövsümü olmayan qidaların qəbulu tövsiyə edilmir. Təcrübəmizdə mövsümü olmayan qidalardan zəhərlənmə faktlarına tez-tez rast gəlinir. Bu zəhərlənmə uşaqlarda temperatur, ishal, qusma ilə özünü göstərir. Ona görə də daha çox təbii qidalardan istifadəyə üstünlük vermək lazımdır. Tez yetişməsi üçün gübrə verilən məhsulları uşaqlara vermək olmaz. Çünki uşaqlar belə məhsulları yediyi zaman onlarda qida zəhərlənməsi baş verir. Yay aylarında uşaqlar arasında infeksiyalar yayılır. Bu infeksiyalar bağçaya və məktəbə gedən uşaqlar arasında daha tez yayılır. Qidaların tərkibinə, saxlama şəraitinə nəzarət edilməlidir. Zəhərlənmənin ilkin əlamətlərindən biri mədə nahiyəsində ağrıların olmasıdır. Qusma, ishal, temperatur da zəhərlənmənin ilkin əlamətlərindən hesab olunur. Bəzi uşaqlar qidadan zəhərləndiyi zaman ilkin mərhələdə onlarda təkcə temperatur müşahidə olunur. Digər əlamətlər bir neçə gün sonra özünü büruzə verir. Belə olan halda, valideynlər uşaqları ağırlaşmış vəziyyətdə xəstəxanaya çatdırırlar. Ona görə də uşaqlarda temperatur müşahidə edildiyi zaman təcili tibbi yardıma, sahə poliklinikasına, yaxud da ailə həkiminə müraciət etmək lazımdır. Uşaqları ev şəraitində müalicə etmək qətiyyən olmaz. Çünki gecikmə zamanı daha ciddi fəsadlara yol aça bilir. Ona görə də qusma, temperatur yaxud ishal müşahidə edildiyi zaman dərhal həkimə müraciət etməli və ilkin tədbirlər klinik şəraitdə görülməlidir".