Xəbər verildiyi kimi, 1 yanvar 2023-cü il tarixindən “Qida təhlükəsizliyi haqqında” Qanunun qüvvəyə minməsi ilə qida təhlükəsizliyinin təmin olunması istiqamətində bir sıra yeniliklər həyata keçiriləcək. Bunlardan biri də bioloji fəallığa malik qida əlavələri ilə bağlıdır. Belə ki, yeni qanunla “bioloji fəallığa malik qida əlavələri” adı dəyişdirilərək “bioloji aktiv qida məhsulları” kimi ifadə olunacaq.
Foodinfo.az-ın məlumatına görə, bu məhsulların emalı və dövriyyəsinə yalnız dövlət qeydiyyatı aparıldıqdan sonra icazə veriləcək. Dövlət qeydiyyatına alınmamış bioloji aktiv qida məhsullarının (BAQM) ölkə ərazisində dövriyyəsi isə qadağan olunacaq.
Bundan əlavə, yeni qanunvericilikdə BAQM-ın təhlükəsizlik (çirkləndirici, mikrobioloji, baytarlıq preparatlarının qalıq miqdarı) və etiketlənmə tələblərinin yer aldığı sanitar norma və qaydalarının təsdiq edilməsi nəzərdə tutulur.
Qeydiyyat respublika ərazisində ilk dəfə emal olunacaq bioloji aktiv qida məhsulları üçün emal mərhələsində, ölkə ərazisinə ilk idxal olunacaq BAQM üçün isə idxaldan əvvəl həyata keçiriləcək.
Bioloji aktiv qida məhsullarının respublika ərazisində emal edildiyi qida biznesi obyektlərində emal edilmiş və dövlət qeydiyyatına alınması üçün müraciət edilmiş ilk məhsulun qeydiyyatı mərhələsində həmin obyektlərdə qiymətləndirmə həyata keçiriləcək.
Dövlət qeydiyyatına alınmış bioloji aktiv qida məhsulları reyestrə daxil ediləcək. Daxil olunmuş məlumatlar Agentliyin internet saytında yerləşdiriləcək, daimi yenilənəcək və axtarış aparan hər kəs üçün açıq olacaq.