Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparır.

Bu barədə Azvision.az -a AQTA-dan məlumat verilib. Bildirilib ki, hazırda daxil olmuş məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərindən ibarət işçi qrupu araşdırmalara başlayıb. Araşdırmaların nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra zəhərlənmə ilə bağlı Qəbələ Mərkəzi Rayon xəstəxanasına müraciət edənlərin sayı 75 nəfər olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciət edənlərin 16-sı qadın, 7-si uşaq, qalanları kişilərdir. Zəhərlənmə ehtimalı ilə müraciət edənlərin hamısına Qəbələ Mərkəzi Rayon Xəstəxanasında lazımi tibbi yardım göstərilib: "Gecə saat 2-də xəstəxanada 6 nəfər olub ki, onların da 4-ü səhərə yaxın evə buraxılıb. Hazırda xəstəxanada 2 nəfər müalicəsini davam etdirir. Baş vermiş hadisə barədə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Xəstəxana gücləndirilmiş iş rejimində işləyir".