ACT şirkəti Tanzaniyada yeni layihəyə başlayıb. Foodinfo.az xəbər verir ki,  “Vision Fund International” təşkilatının sifarişi əsasında başlanılan layihə mikromaliyyə təşkilatlarının yerli fermerlərə təqdimetdiyi aqro-istehsal kreditlərinin əlçatan olması imkanlarını qaldırmaq məqsədi daşıyır. “Vision Fund International” Afrikayla yanaşı, Asiya, Latın Amerikası və Avropada fəaliyyət göstərir. Qurumun əsas fəaliyyət istiqamətlərindən biri də kənd təsərrufatıdır. ACT isə öz növbəsində kənd təsərrufatında böyük təcrübəyə malikdir. Şirkət layihəyə mart ayında start verib və onun may ayının sonunda yekunlaşdırılması planlaşdırılıb. ACT-in icraçı direktoru Rusudan Telia bildirib ki, Tanzaniyadakı layihə şirkət və onun beynəlxalq bazarda mövqeyinin genişlənməsi üçün böyük imkandır. “ACT-in Tiflis, Bakı və Almatı şəhərlərində ofisləri fəaliyyət göstərməklə yanaşı, şirkətin həmçinin Mərkəzi və Şərqi Avropa ölkələrində iş təcrübəsi də var. Afrikadakı layihə şirkətimiz üçün xarici bazarla həm əlaqə qurmaq, həm də araşdırma və konsaltinq xidmətlərimizi təqdim etmək üçün unikal imkandır. Bu layihə bizə sübut etdi ki, ACT təkcə ofisləri olduğu ölkələrdə deyil, həmçinin uzaq Afrikada belə inletektual kapital eksportu ilə məşğul ola bilər.” ACT (Analysis and Consulting Team) 15 ildir ki, araşdırma və məsləhət xidmətləri təklif edir. Şirkətin Gürcüstan ofisi 2002, Azərbaycan 2010, Qazaxıstan ofisi isə 2014-cü ildən  fəaliyyət göstərir. Şirkət 20-dən çox ölkədə biznes, sosial və infrasruktur layihələri həyata keçirdir.