Çayın tərkibindəki faydalı maddələrin miqdarı onun hansı üsulla dəmlənməsindən birbaşa asılıdır. Foodinfo.az bildirir ki, İtaliya alimləri müxtəlif çay növləri üçün ən effektiv dəmləmə üsullarını müəyyənləşdirmək məqsədilə araşdırma aparıblar. Tədqiqat zamanı ənənəvi Çin üsulu olan qayvan, Pure Brew metodu və franç-pressdə dəmləmə üsulları müqayisə edilib.

Nəticələr göstərib ki, yaşıl və qara çay üçün ən səmərəli üsul qayvanda dəmləmədir. Bu metodla hazırlanan yaşıl çayda katexin və epikatexinlərin miqdarı daha yüksək olur. Qara çayda isə flavonolların qorunması məhz bu üsulla daha yaxşı təmin edilir. Hər iki maddə çayın antioksidant təsirini gücləndirən əsas birləşmələr hesab olunur.

Araşdırmaya görə, meyvə çayları üçün isə franç-press üsulu daha uyğundur. Bu zaman içkidə antosianlar və fenolik turşular daha çox saxlanılır. Mütəxəssislər bu maddələrin immun sisteminə və ümumi sağlamlığa müsbət təsir göstərdiyini bildirirlər.

Alimlər ümumi bir qanunauyğunluq da aşkar ediblər: çayın rəngi nə qədər tünd olarsa, tərkibindəki bioaktiv maddələrin konsentrasiyası da bir o qədər yüksək olur. Bu səbəbdən düzgün dəmləmə üsulunun seçilməsi çaydan maksimum fayda əldə etmək üçün əsas şərt hesab olunur.