Fastfud qidalarının insanı tez cəlb etməsinin və asılılıq yaratmasının səbəbi açıqlanıb. Foodinfo.az Sports.kz-ya istinadla xəbər verir ki, həkim-dietoloq İrina Pisarevanın sözlərinə görə, fastfud məhsullarında bol miqdarda olan duz, şəkər və yağlar beyində həzz mərkəzlərini aktivləşdirir və nəticədə vərdiş formalaşır.
Mütəxəssis bildirib ki, məhz bu səbəbdən burgerlər orqanizm üçün ən “cəlbedici” yeməklərdən biri hesab olunur. Belə qidalar qısa müddətdə güclü dad təsiri yaradır və beyin bu hissi müsbət təcrübə kimi yadda saxlayır.
Pisareva qeyd edib ki, burger və digər fastfud məhsullarında tez-tez maya ekstraktlarının və dad gücləndiricilərin miqdarı artırılır. Bundan başqa, bu cür qidalarda müxtəlif dad artırıcı maddələr və süni ətirvericilər də ola bilər ki, onlar da yeməyin cazibəsini daha da yüksəldir.
Həkimin sözlərinə görə, bu qədər zəngin və kəskin dad beyində dopamin ifrazına səbəb olur. Dopamin isə həzz hissi yaradan maddədir və insan bu hissi asanlıqla xatırlayır. Təbii qidalarda isə adətən belə güclü və yadda qalan “dad partlayışı” müşahidə edilmir.
Mütəxəssis diqqətə çatdırıb ki, fastfudun cəlbediciliyinə təsir edən amillərdən biri də xidmətin sürətidir. Yeməyin uzun müddət gözlənilməməsi insanın seçimində fastfuda üstünlük verməsinə əlavə təsir göstərir. Nəticədə həm dad, həm də sürətli əlçatanlıq fastfudun daha tez-tez seçilməsinə səbəb olur.






