Asılılıq yaradan qidalar beynin mükafat sistemini həddindən artıq stimullaşdıraraq insanda “yenə yemək” istəyi oyadır.

Foodinfo.az xəbər verir ki, bu qidalar adətən yüksək miqdarda şəkər, duz, yağ və əlavə dadlandırıcılar ehtiva edir. Onları çox istifadə etdikcə bədən onları daha çox tələb edir. 

Aşağıdakı qidalar bu baxımdan ən çox asılılıq yaradanlardır:

– Şəkərli qidalar 

Şəkər beyində dopamin ifrazını artırır, bu da keçici xoşbəxtlik hissi yaradır. Ancaq bu təsir qısa müddətlidir və sonra daha çox şəkər istəyi yaranır.

– Qızardılmış yeməklər 

Həm yağlı, həm də duzlu olduqları üçün ləzzətli və “asılılıq” yaradan təsirləri var. Həmçinin qan şəkərini tez yüksəldib düşürərək aclıq hissini artırır.

– Cips və digər duzlu qəlyanaltılar

Tərkibindəki duz, yağ və xırtıldayan quruluşu beyində “mükafat” hissi oyadır. 

– Hazır fast food məhsulları

Hamburger, pizza, kolbasa-sosiska kimi emal olunmuş qidalar həm dadlandırıcılarla zəngindir, həm də şəkər, duz və yağla yüklənib. Bədən onları tez qəbul edir, amma tez də aclıq hissi qayıdır.

– Ağ çörək və ağ un məmulatları

Sadə karbohidratlar qana tez qarışır, insulin səviyyəsini tez qaldırır və sonra tez salır, bu da yeni aclıq və qida istəyi doğurur.

– Qazlı və enerji içkiləri

Tərkibindəki şəkər, kofein və əlavə maddələr asılılıq yarada bilər. Kofeinə vərdiş yarandıqca bədən onu tələb edir.

– Süni dadlandırıcılarla zəngin məhsullar

Kalori az olsa da, dadı beyində şəkər təsiri yaradır və bədən daha çox real şəkər və yemək istəyir.

Bu cür qidaları həddindən artıq istehlak etmək həm çəki artımına, həm də qan şəkəri, təzyiq və xolesterin kimi sağlamlıq problemlərinə səbəb ola bilər. Əvəzində təbii, tərkibi sadə və işlənməmiş qidalar seçmək daha uzunmüddətli toxluq və enerji verir və asılılıq yaratmır.