Bəzi qidalar orqanizmdən toksinlərin təbii yolla xaric olunmasını sürətləndirir və ümumi sağlamlığa müsbət təsir göstərir. Foodinfo.az xəbər verir ki, bu barədə bioloq İrina Lyalina məlumat verib.

Mütəxəssisin sözlərinə görə, orqanizmin təmizlənməsində ən güclü təsirə malik məhsullar tərəvəzlər və göyərtilərdir. Xüsusilə çuğundur yüksək dəyərə malikdir, çünki onun tərkibindəki fermentlər qan yaranması prosesinin yaxşılaşmasına kömək edir. Qaraciyərə birbaşa təsir edən digər məhsullar isə kələmlər, brokoli və digər kələmkimilərdir. Onlar qaraciyərin təmizlənməsində iştirak edən fermentlərin aktivləşməsini stimullaşdırır.

Lyalina əlavə edib ki, sarımsaq da çox faydalıdır. Onun tərkibindəki kükürd qaraciyərin normal fəaliyyətini dəstəkləyir və immun sistemini möhkəmləndirir. Digər orqanlara müsbət təsir edən məhsullar kimi bioloq alma, zoğal, yaban mersini, moruq və limonu qeyd edib. Bu meyvələrin tərkibində olan pektin bağırsaqlarda yığılan ziyanlı maddələrin xaric edilməsinə kömək edir.

Mütəxəssis bildirib ki, zəncəfil qan dövranını və həzmi yaxşılaşdırır, yaşıl çay isə qaraciyəri oksidləşmə proseslərindən qoruyan katexinlərlə zəngindir. Lyalinanın vurğuladığı ən vacib məqamlardan biri də təmiz suyun kifayət qədər qəbul edilməsidir. Onun sözlərinə görə, qan tərkibinin "keyfiyyətli" olması və toksinlərin orqanizmdən effektiv çıxarılması üçün su balansının düzgün saxlanılması mühüm rol oynayır.