Martın ikinci yarısından Bakıdakı topdansatış mərkəzlərində pomidor və xiyar kəskin bahalaşıb. Hazırda Bakı bazarlarında Zirə pomidorunun 1 kiloqramı 6-7 manatadır. İran və Gürcüstandan gətirilən pomidorun kiloqramı isə 2 manat 50 qəpik - 4 manat arası satılır. Digər meyvə-tərəvəz məhsullarından fərqli olaraq, pomidorun qiyməti bir gecə içərisində artırılıb. Belə ki, martın 17-dən pomidorun bahalaşacağı ilə bağlı satıcılara xəbərdarlıq edilib, ertəsi gün bütün topdansatış mərkəzləri qiyməti 2 dəfə artırıb. Hazırda Bakının ən ucuz bazarı sayılan “8-ci kilometr” bazarında salxım pomidor 7 manata, Zirə pomidoru iriliyindən asılı olaraq 5-7 manata, Qazax pomidoru 3 manat 50 qəpik, Şəmkir pomidoru 3 manat 50 qəpik-4 manat, çəhrayı pomidor 4 manata satılır.  Türkiyə pomidoru isə nisbətən ucuz - 2 manat 50 qəpik-3 manata təklif edilir. Xiyarın qiymətinə gəldikdə isə, patron 4 manata, melit növ xiyar 3 manata, İrandan gətirilən xiyar 2 manata, Bakı istixanalarının məhsulu isə 3 manata satışdadır. Satıcılar bildiriblər ki, qiymətlərə bayram və qıtlıq təsir edib. Bayramdan sonra qiymətlər nisbətən ensə də, rayonlardan məhsul gətirənlər azalıb. Meyvə-tərəvəz satışı ilə məşğul olan Həsən Abdulov bildirib ki, bayramdan sonra satış zəifləyir. Indi əsasən kartof, soğan kimi gündəlik istifadə edilən tərəvəzlər satılır. “Təzə bazar”da isə kiloqramı 3 manat 50 qəpikdən ucuz pomidor tapmaq mümkün deyil. Zirə pomidoru 7 manata, Türkiyə pomidoru isə 4 manata təklif edilir. Bayram ərəfəsi isə pomidorun qiyməti 9-11 manatdan ucuz olmayıb. Hazırda bazarda çəhrayı pomidor 4 -4 manat 50 qəpiyə, Şəmkir pomidoru 4 manat 40 qəpiyə, patron xiyarları isə 5 manata satışa çıxarılıb. Bakı bazarlarında pomidorun bu cür kəskin bahalaşmasını bəlkə də mövsüm amilləri ilə izah etmək olardı. Lakin araşdırmalarımız göstərir ki, Azərbaycan istixanalarında yetişdirilən pomidorun qiyməti baxımından Bakı və Rusiyanın hətta ən ucqar şəhərlərinin bazarları arasında ciddi fərq yoxdur. Belə ki, Tümen bazarlarında hazırda Şəmkir pomidoru Azərbaycan valyutası ilə təxminən 5 manat-5 manat 20 qəpiyədir. Bunu Tümendə yaşayan və ticarətlə məşğul olan azərbaycanlılardan dəqiqləşdirdik. Moskvadakı soydaşlarımızdan aldığımız məlumata görə isə hazırda Rusiya paytaxtının bazarlarında Bakı və Şəmkir pomidorlarının qiyməti təxminən 180-200 rubl arasındadır. Bu, 4-6 manat deməkdir. Bakı xiyarı isə Moskva bazarlarında  Bakının özündən xeyli ucuzdur-cəmi 2 manata təklif edilir. Bəs necə olur ki, Azərbaycanda yetişdirilən pomidorun yerli bazarlardakı qiymətləri ilə qonşu Rusiyanın bazarları arasındakı qiyməti demək olar eynidir? Axı bu heç bir iqtisadi qanunlara sığmır. Yerli bazarlarda qəfildən pomidoru iki dəfə bahalaşdıran qüdrətli əllərin sahibləri kimlərdir? (Virtualaz.org)