Alma, çiyələk və digər meyvələr sağlam qidalanmanın əsas hissəsi hesab olunsa da, bəzi insanlar üçün bu məhsullar gözlənilməz fəsadlara yol aça bilər. Foodinfo.az bildirir ki, terapevt Donald Qrant bu barədə açıqlamasında xüsusilə alma, kivi və çiyələyin müəyyən şəxslər üçün risk daşıdığını vurğulayıb. Həkimin sözlərinə görə, bəzi insanlarda meyvələrin tərkibində olan fruktozanın mənimsənilməsi çətinlik yaradır. Bu hal qarında köp, qaz yığılması və ishal kimi narahatedici əlamətlərlə müşayiət oluna bilər.
Mütəxəssis qeyd edir ki, meyvələr bəzi hallarda allergik reaksiyalara da səbəb olur. Xüsusilə alma “oral allergiya sindromu” adlanan vəziyyəti yarada bilən ən yayğın məhsullardan biridir. Bu zaman meyvələrin tərkibindəki zülallar tozcuq zülallarına bənzədiyi üçün immun sistemində reaksiya yaranır. Nəticədə dodaq ətrafında, ağız boşluğunda və dildə şişkinlik müşahidə oluna bilər. Bəzi hallarda ürəkbulanma və hətta nəfəs darlığı kimi daha ciddi əlamətlər də ortaya çıxır.
Donald Qrantın sözlərinə görə, bu cür reaksiyalar təkcə alma ilə məhdudlaşmır. Armud, gavalı, manqo və albalı ilə yanaşı çiyələk, kivi və avokado da oxşar problemlərə səbəb ola bilər. Həkim fruktoza həssaslığı olan şəxslərə bu meyvələri rasiondan çıxarmağı və ya istifadəsini məhdudlaşdırmağı tövsiyə edir. Belə hallarda düzgün qidalanma planının seçilməsi sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.






