Qaraciyər sağlamlığına ən böyük təhlükənin yalnız alkoqoldan qaynaqlandığı düşünülür, lakin mütəxəssislər bunun doğru olmadığını bildirirlər. Foodinfo.az bildirir ki, qastroenteroloq Ranaracan Kasturinin sözlərinə görə, gündəlik rasionda tez-tez yer alan bəzi qidalar qaraciyərə spirt qədər zərər verə bilər. Həkim qeyd edir ki, düzgün olmayan qidalanma qaraciyərin piylənməsinə, iltihablanmasına və hətta sirrozun inkişafına səbəb ola bilər. Xüsusilə şəkər və ağ undan hazırlanan məhsullar qaraciyərdə yağ yığılmasını sürətləndirir. Tortlar, şirniyyatlar və ağ un məmulatları triqliseridlərin səviyyəsini yüksəldərək orqanın funksiyasını zəiflədir.
Qazlı şirin içkilər də qaraciyər üçün ciddi risk amili hesab olunur. Bu içkilər tərkibindəki yüksək şəkər və “boş kalori”lər səbəbindən çəki artımına və yağlı qaraciyər xəstəliyinin formalaşmasına yol açır. Fast-food və həddindən artıq yağlı yeməklər isə doymuş və trans yağlarla zəngin olduğu üçün qaraciyərə əlavə yük yaradır. Kartof fri, burger və pizzanın tez-tez qəbulu iltihabi prosesləri gücləndirə bilər. Duzlu məhsullar, o cümlədən yarımfabrikatlar, konservlər və çipslər bədəndə maye tutulmasına səbəb olaraq qaraciyər piylənməsi riskini artırır.
Mütəxəssis eyni zamanda qırmızı ətin həddindən artıq istifadəsinin də təhlükəli olduğunu vurğulayır. Bu məhsulun həzmi qaraciyər üçün çətin prosesdir və artıq miqdarda qəbul edildikdə orqanda yağ yığılmasına şərait yarada bilər. Qaraciyər sağlamlığını qorumaq üçün rasionun əsasını təzə tərəvəzlər, meyvələr, yulaf sıyığı, yaşıl çay və qoz-fındıq təşkil etməlidir. Daimi və balanslı qidalanma qaraciyərin funksiyalarını qorumağın ən effektiv yollarından biri hesab olunur.






