Həkimlər və kardioloqlar bildirirlər ki, həddindən artıq qida qəbulu bəzi insanlarda infarkt riskinin artmasına səbəb ola bilər. Xüsusilə normadan artıq və nizamsız qidalanma ürək-damar sisteminə əlavə yük yaradır və zamanla təhlükəli fəsadlara yol açır.
Foodinfo.az xəbər verir ki, çox yemək qan təzyiqinin yüksəlməsinə, xolesterin və qan şəkərinin artmasına gətirib çıxarır. Bu amillər damarların daralmasına və ürəyin normal fəaliyyətinin pozulmasına səbəb olur. Yağlı, duzlu və yüksək kalorili qidaların tez-tez istehlakı isə infarkt riskini daha da artırır.
Bol yeməkdən sonra qanın böyük hissəsi həzm sisteminə yönəlir və bu zaman ürək daha sürətlə işləməyə məcbur qalır. Xüsusilə artıq çəki, yüksək təzyiq, şəkərli diabet və ürək xəstəlikləri olan insanlarda bu vəziyyət ciddi təhlükə yaradır.
Gec saatlarda çox yemək də risk faktorları sırasındadır. Gecə ağır qidalar qəbul etmək ürəyin istirahətini pozur və bəzi hallarda gecə infarktı ehtimalını artırır. Bu səbəbdən axşam yeməyinin yüngül olması və yatmazdan əvvəl qida qəbulunun məhdudlaşdırılması tövsiyə olunur.
Profilaktik tədbir olaraq mütəxəssislər porsiya nəzarətinə riayət etməyi, balanslı qidalanmağı, müntəzəm fiziki aktivliyi və sağlam həyat tərzini önə çəkirlər. Onların sözlərinə görə, ürək sağlamlığının qorunması üçün əsas şərtlərdən biri də ölçülü və şüurlu qidalanmadır.
Davamlı şəkildə çox yemək yalnız çəki artımına deyil, həm də infarkt kimi ciddi və həyati təhlükə yaradan xəstəliklərin riskinin yüksəlməsinə səbəb olur.






