Qarpız alarkən onun mövsümə uyğun olmasına xüsusi diqqət yetirilməlidir. Foodinfo.az bildirir ki, bu barədə dietoloq, qastroenteroloq və hepatoloq Nuriyyə Dianova açıqlama verib. Mütəxəssis qeyd edib ki, mövsümdən əvvəl satışa çıxarılan qarpızlarda nitrat miqdarı yüksək ola bilər.

Bu isə sağlamlıq üçün ciddi təhlükə yaradır. Dianovanın sözlərinə görə, keyfiyyətli və sağlam qarpız almaq üçün avqust ayını gözləmək daha məqsədəuyğundur. O bildirib ki, iyun və iyulda satışda olan qarpızlar tez yetişdirildiyi üçün çox vaxt tərkibində zərərli maddələr toplayır.

Mütəxəssis vurğulayıb ki, nitratlı meyvə və tərəvəzlər mədə-bağırsaq problemlərinə səbəb ola bilər. Bundan əlavə, bu cür məhsullar allergik reaksiyalara və ümumi zəifliyə də yol aça bilər. Dianova insanların tez yetişən meyvə və giləmeyvələrdən uzaq durmasını tövsiyə edib. O, qarpız alarkən onun qabığının bərk və səsinin zəif çıxmasına da fikir verməyi məsləhət görüb.