Ərik ləpəsi son dövrlər sosial şəbəkələrdə “faydalı qida” kimi təqdim edilsə də, həkimlər bu mövzuda ciddi xəbərdarlıq edirlər.
Foodinfo.az xəbər verir ki, ərik ləpəsinin tərkibində olan amigdalin maddəsi orqanizmdə parçalanaraq sianid adlı zəhərli bir birləşmə yarada bilər.
Xüsusilə acı ərik ləpəsi yüksək risk daşıyır və qida məqsədilə istifadəsi qətiyyən tövsiyə edilmir. Az miqdarda qəbul edildikdə belə başgicəllənmə, ürəkbulanma, halsızlıq və zəhərlənmə əlamətləri yarana bilər. Uşaqlar və yeniyetmələr üçün bu risk daha yüksək qiymətləndirilir.
Şirin ərik ləpəsi acı ləpə ilə müqayisədə daha az toksik olsa da, onun üçün də təhlükəsiz gündəlik norma müəyyən edilməyib. Bu səbəbdən “az yesəm zərər olmaz” düşüncəsi səhv hesab olunur.
Ərik ləpəsinin xərçəngə qarşı təsiri və ya xüsusi müalicəvi faydası ilə bağlı iddialar elmi cəhətdən sübut olunmayıb. Əksinə, nəzarətsiz istifadə sağlamlıq üçün ciddi təhlükə yarada bilər.
Sağlamlıq üçün riskli qidalara yönəlməkdənsə, əriyin özünün, eləcə də qoz, badam, giləmeyvə və təzə meyvə-tərəvəzlərin daha təhlükəsiz və faydalı alternativlər olduğu bildirilir.






