ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi tərəvəz və meyvələrin qida dəyəri ilə bağlı genişmiqyaslı araşdırmanın nəticələrini açıqlayıb. Aparılan təhlil nəticəsində insan sağlamlığı üçün ən faydalı tərəvəzin adı müəyyən edilib. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, araşdırmaya əsasən, bu siyahıda mütləq lider brokkoli olub.

Mütəxəssislər ən faydalı tərəvəzi müəyyənləşdirərkən 41 növ meyvə və tərəvəzi analiz ediblər. Qiymətləndirmə zamanı vitamin və mikroelementlərin miqdarı, orqanizm üçün verdiyi fayda və aşağı kalorili olması əsas meyar kimi götürülüb. Xüsusilə qida maddələrinin sıxlığına, yəni hər kalori ilə nə qədər fayda əldə edildiyinə diqqət yetirilib.

Araşdırmanın nəticələrinə görə, brokkoli mümkün olan 100 baldan 100-nü toplayaraq birinci yerə layiq görülüb. Bu tərəvəz onlarla digər məhsulu xeyli qabaqlayıb və mütəxəssislərin xüsusi marağına səbəb olub.

Bir fincan brokkoli orqanizmi gündəlik K vitamininə olan tələbatın 100 faizindən çoxu ilə təmin edir. K vitamini sümüklərin möhkəmliyi və qanın laxtalanması üçün mühüm rol oynayır. Bundan əlavə, brokkoli immun sistemini dəstəkləyən C vitamininin təxminən 17 faizini, görmə və dəri sağlamlığı üçün vacib olan A vitamininin isə 6 faizini qarşılayır.

Bu tərəvəzin tərkibində çoxlu miqdarda antioksidantlar və fitokimyəvi birləşmələr də mövcuddur. Həmin maddələr hüceyrələri iltihabdan və zərərli təsirlərdən qorumağa kömək edir. Üstəlik, brokkoli demək olar ki, çox az kalorilidir və bir fincanı cəmi təxminən 4 kalori təşkil edir.

Müqayisə üçün qeyd edilib ki, siyahıda ən faydalı meyvə pomidor sayılıb. Lakin pomidor cəmi 20,37 bal toplayıb ki, bu da brokkolinin qida dəyərinə görə digər məhsullardan nə qədər irəlidə olduğunu göstərir.

Mütəxəssislərin fikrincə, brokkolinin mütəmadi istifadəsi maddələr mübadiləsinə, ürək-damar sisteminin sağlamlığına və ümumi əhval-ruhiyyəyə müsbət təsir göstərir. Asan hazırlanması və müxtəlif yeməklərlə uyğunlaşması onu gündəlik qidalanma üçün ideal tərəvəzlərdən birinə çevirir.