Ərzaq təhlükəsizliyi ilə bağlı qanunun qəbuluna ehtiyac var.
Bunu Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin üzvü Hüseynbala Mirələmov deyib.
Onun sözlərinə görə, indiki reallıqda belə bir qanunun hazırlanması və müzakirələrə çıxarılaraq, qəbul edilməsinə ciddi ehtiyac duyulur.
Millət vəkili deyib ki, bunu regionumuzda və dünyada baş verən proseslər zəruri və diktə edir:
“Özünüz də regionumuzda, ətrafımızda, bütövlükdə dünyada baş verənləri görürsünüz. Hər gün bir qalmaqal, hər gün bir təhdid...
Terraktlar, qanlı qarşıdurmalar, aclıq, səfalət bir-birini əvəz edir, biri bitməmiş, o biri başlayır. Baş verənlərdən bəzən göz açmağa belə imkan olmur. Məsələn, son günlər Tramp administrasiyası ilə Türkiyə, İran arasında yaşananları götürək.
Hər iki ölkədə - qardaş Türkiyədə, dost, qonşu İranda artıq sanksiyalar ciddi fəsadlarını göstərməkdir, hər iki ölkənin milli valyutası saniyəbəsaniyə dəyərini itirməkdədir.
Düzdür, hər iki dövlət güclü, oturuşmuş, çəkili ölkələrdir, dünyada öz yerləri var, baş verənlərin qarşısını almaq iqtidarındadırlar, amma reallıq da ortadadır. Yəni, bir hadisə avtomatik olaraq o biri sahəni vurmaqda, ona zərərini toxundurmaqdadır.
Biz də dünyadan təcrid olunmamışıq, dünyaya açıq, şəffaf ölkəyik, öz problemlərimizi məhz öz gücümüzə, öz potensialımıza uyğun şəkildə həll edirik.
Ölkədə ciddi ərzaq təhlükəsizliyi problemi yoxdur. Amma bununla belə, ətrafımızda, dünyada yaşananları nəzərə alıb, çox ehtiyatlı olmalıyıq. İşimizi bəri başdan ehtiyatlı tutmalıyıq ki, sabah sual qarşısında qalmayaq.
Bu baxımdan, hesab edirəm ki, artıq ərzaq təhlükəsizliyi ilə bağlı qanun layihəsi hazırlanmalı və ilk növbədə komitəmizin, sonra isə ya payız sessiyasının, ya da yaz sessiyasının müzakirəsinə çıxarılmalıdır. Payız sessiyası ilə bağlı komitəmizin ilk iclasında bu təkliflə çıxış edəcəyəm”.
Adıçəkilən komitənin digər üzvü Eldəniz Səlimov ərzaq təhlükəsizliyi ilə bağlı qanunun qəbulunu vacib sayır. Bildirir ki, burada, bəlkə də, bir qədər gecikilib.
“Artıq neçə illərdir ki, bu məsələ gündəmdədir. Əksəriyyət belə bir qanun layihəsinin hazırlanması və qəbulunu vacib sayır. Komitəmizin sədi Eldar İbrahimov da hər zaman bu məsələni gündəmə gətirir, onun vacibliyini söyləyir, əsaslandırır. Çünki illərin təcrübəsinə malik bir insan, parlamentaridir.
Həmçinin, cənab prezidentin bir neçə il öncə ərzaq təhlükəsizliyi ilə bağlı imzaladığı sənəddə də bu yöndə qanunvericiliyin hazırlanması məsələsi öz əksini tapıb. Ölkə prezidenti belə bir sənədin qəbulunda maraqlıdır.
Düzdür, ərzaq təhlükəsizliyi ilə bağlı ölkəmizdə əndişələnəcək bir məsələ yoxdur, artıq ölkəmizdə bütün növ qida, yeyinti məhsulları istehsal, emal olunmaqdadır. Dövlətin, dövlət rəhbərinin diqqət və qayğısı, dəstəyi sayəsində ölkəmizdə emal müəssisələrinin sayı gündən-günə artmaqdadır.
Bununla belə, müharibə şəraitində yaşayan ölkəyik, ətrafımız qaynar qazan kimi qaynayır, çalxalanır. Aclıq, səfalət baş-alıb gedir. Ona görə ərzaq təhlükəsizliyi ilə bağlı qanunvericiliyin formalaşdırılması öz aktuallığını ortaya qoyur.
Çox güman ki, yaxın zamanlarda bu qanunun müsbət həlli mümkün olacaq, yeni layihə hazırlanacaq və müzakirələrə təqdim ediləcək”, - deyə millət vəkili əlavə edib. (Oxu.az)