Günlük duz istehlakı sağlamlıq üçün vacib bir mövzudur. Ümumdünya Səhiyyə Təşkilatının (WHO) tövsiyələrinə əsasən, yetkin bir insan üçün gündəlik duz istehlakı maksimum 5 qram olmalıdır. Bu miqdar, təxminən bir çay qaşığı duza bərabərdir.
Foodinfo.az xəbər verir ki, duz orqanizmin su balansını tənzimləyən və əzələlərin, sinir sisteminin normal işləməsini təmin edən natrium ehtiva edir. Ancaq həddindən artıq duz istehlakı bir çox sağlamlıq problemlərinə səbəb ola bilər.
Həddindən artıq duz qəbulu qan təzyiqinin yüksəlməsinə və hipertoniya yaranmasına səbəb ola bilər ki, bu da ürək xəstəlikləri və insult riskini artırır.
Artıq duz böyrəklərin funksiyasını zəiflədir və böyrək daşlarının yaranma riskini artırır. Böyrəklərin yükü artdıqca onların düzgün işləməsi çətinləşir.
Yüksək duz istehlakı kalsium itkisinin artmasına səbəb olaraq sümüklərin zəifləməsinə və osteoporoz riskinin artmasına gətirib çıxarır.
Çoxlu miqdarda duz təkcə süfrədə əlavə edilən duzdan yox, həm də işlənmiş və hazır qidalardan gəlir. Konservlər, turşular, fast food və hazır yeməklər gizli duz mənbələridir.