Kartof gündəlik süfrələrdə ən çox istifadə olunan məhsullardan biri olsa da, onun hər formada hazırlanması eyni dərəcədə faydalı hesab edilmir. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, həkim-qastroenteroloq Yekaterina Titovanın sözlərinə görə, kartofdan hazırlanan ən təhlükəli yeməklər çipslər və kartof fri sayılır. Mütəxəssis bildirir ki, bu cür yeməklər qaraciyərə, mədəaltı vəzə, bağırsaq mikroflorasına və mədənin selikli qişasına ciddi mənfi təsir göstərir. Onun sözlərinə görə, əsas risk kartofun qızardılma üsulu ilə bağlıdır. Qızardılmış kartof, kartof kökələri, kartofdan hazırlanan xırçıldayan yeməklər sağlamlıq üçün təhlükə zonası yaradır.

Həkim izah edir ki, kartof süngər kimi yağı özünə çəkir və yüksək temperaturda qızardıldıqda zərərli maddələr əmələ gəlir. Bu maddələr orqanizmdə iltihabi prosesləri gücləndirə və daxili orqanlara əlavə yük sala bilər. Xüsusilə də qaraciyər və öd kisəsi bu cür yeməklərdən daha çox zərər görür. Mədəaltı vəzin fəaliyyəti zəifləyir, həzm prosesi çətinləşir. Mədənin selikli qişası qıcıqlanır və bu, uzunmüddətli istifadədə mədə problemlərinə yol aça bilər. Kartof kökələri və oxşar yeməklərdə isə qızartmanın mənfi təsiri ilə yanaşı, un və yumurta səbəbindən kaloriliyin daha da artdığı qeyd olunur. Üstəlik, bu yeməklər adətən bol yağda bişirildiyi üçün həzm üçün olduqca ağır sayılır.

Mütəxəssislər bildirirlər ki, kartofdan tamamilə imtina etmək vacib deyil, əsas məsələ onun düzgün hazırlanmasıdır. Qaynadılmış və ya sobada bişirilmiş kartof daha təhlükəsiz seçim hesab olunur. Belə üsullar kartofun qida dəyərini qoruyur və orqanizmə zərərli təsiri minimuma endirir. Həkimlər sağlamlıq üçün kartof yeməklərinin tez-tez deyil, ölçülü şəkildə qəbul edilməsini tövsiyə edirlər.