Sağlam qidalanma sahəsində tez-tez adı çəkilən kinoa bağırsaq sağlamlığı üçün olduqca faydalı qidalardan biri kimi göstərilir. Düzgün hazırlandıqda kinoa həzmi asanlaşdırır və bağırsaq fəaliyyətini dəstəkləyir.
Foodinfo.az xəbər verir ki, kinoa yüksək lif tərkibi ilə seçilir. Bu xüsusiyyəti sayəsində bağırsaq hərəkətlərini tənzimləyir, qəbizlik riskini azaldır və həzm sisteminin daha stabil işləməsinə kömək edir.
Həm həll olunan, həm də həll olunmayan liflər bağırsaqlardakı faydalı bakteriyalar üçün qida rolunu oynayaraq mikrofloranın balansını qoruyur.
Qlütensiz olması kinoanı xüsusilə çölyak xəstələri və qlütənə həssaslığı olan insanlar üçün ideal seçimə çevirir. Digər taxıllardan fərqli olaraq, kinoa bağırsaqları yormur və şişkinlik riskini minimuma endirir.
Kinoa zülal, maqnezium və dəmir kimi mühüm minerallarla zəngindir. Bu maddələr bağırsaq əzələlərinin düzgün işləməsinə və ümumi həzm prosesinin yaxşılaşmasına müsbət təsir göstərir.
Onu bişirməzdən əvvəl yaxşıca yumaq vacibdir. Bu proses toxumun üzərində olan saponin adlı acı maddəni təmizləyir və mümkün bağırsaq narahatlığının qarşısını alır.
Sağlam qidalanma üzrə mütəxəssislər kinoanın salatlarda, şorbalarda və əsas yeməklərdə müntəzəm istifadəsini bağırsaq sağlamlığını qorumaq üçün tövsiyə edirlər.






