Bu gün Lənkəran rayonunun İsti su qəsəbəsində “Yaşıl çay” FT MMC-nin çay plantasiyasında 2018-ci ilin ilk çay məhsul yığımının başlanması münasibəti ilə bayram şənliyi keçirilib. Şənlikdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, ağsaqqallar, ziyalılar, çayçılıqla məşğul olan digər təsərrüfatların rəhbərləri, əmək kollektivlərinin nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.
Lənkəran Şəhər İcra Hakimiyyətindən Foodinfo.az-a verilən məlumata görə, tədbirdə ilk öncə rayonda fəaliyyət göstərən çay emalı müəsissələrinin istehsal etdikləri çay məhsullarından ibarət sərgiyə baxış keçirilib və tədbir iştirakçılarına yerli çayların müxtəlif növlərindən dəmlənmiş çay dəstgahı və yerli meyvələrdən hazırlanmış mürrəbbələr təqdim olunub.
Lənkəran ŞİH başçısı Taleh Qaraşov bayram tədbirində cıxış edərək rayonda ilk nübar məhsulun yığımı münasibətilə təsərrüfatın əmək kollektivini və şənlik iştirakçılarını təbrik edib xoş arzularını çatdırıb. Natiq Lənkəranda zəngin tarixi ənənələrə malik çayçılığın son illərdə ölkə prezidenti cənab İlham Əliyevin davamlı diqqəti ilə sürətlə inkişaf etdiyini və “Yaşıl çay” fermer təsərrüfatının üzvlərinin bu sahədə böyük əməyi olduğunu diqqətə çatdırıb. İcra başçısı cənab Prezident İlham Əliyevin təsdiq etdiyi çayçılığın inkişafı ilə bağlı Dövlət Proqramının bu gəlirli və mühüm iqtisadi əhəmiyyətli təsərrüfat növünün inkişafına bir daha güclü təkan verəcəyinə, aqrar sahədə sahibkarlığın inkişafına, çoxlu sayda yeni iş yerlərinin açılmasına və bol çay məhsulu istehsalına əlverişli imkanlar yaradacağını vurğulayıb.
Şənlikdə çıxış edənlər “Yaşıl çay” FT MMC-nin rəhbəri Araz Yağubov və digərləri ölkənin hər yerində olduğu kimi Lənkəran rayonunda da kənd təsərrüfatın inkişafına və bu sahədə çalışan zəhmət adamlarına göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Bədii özfəaliyyət kollektivlərinin və folklor ansambıllarının rəngarəng çıxışları şənlik iştirakçılarına xoş ovqat bəxş edib.