Türkiyədə limonun qiyməti 10 lirəyə yüksəlib.
İstehsalçılardan tarla başında 1-1,8 lirəyə alınan limonun kiloqramı hazırda marketlərdə və bazarda 10 lirədən aşağı satılmır.
Qiymət artımı ixracın artması ilə izah edilsə də, ixracatçılar hələ prosesə başlamadıqlarını deyirlər.
Türkiyə Yaş Meyvə-Tərəvəz İxracatçıları Birliyinin sektor rəhbəri Əli Kavak mətbuata verdiyi açıqlamasında bildirib ki, ixracat mövsümü 15-20 avqustda başlayır:
“Böyük partiyada ixrac sentyabrda baş tutacaq. Limonun tonunu 350-400 dollardan ixrac edirik. Qiymət artımını ixracata bağlamaq çox səhvdir. Hazırda limonun qiyməti maksimum 4 lirə olmalıdır”.
Meyvə və tərəvəzin satışını aparan pərakəndəçilər isə iddia edirlər ki, limon bazarı bir neçə şəxsin nəzarətindədir. Bazardakı qiymət artımını da onlar şərtləndirir.
Qeyd edək ki, Azərbaycanın Türkiyədən aldığı kənd təsərrüfatı məhsullarının arasında limon da var. (Oxu.az)