Lobya sağlam qidalar siyahısında xüsusi yer tutsa da, onun faydasını maksimum artırmaq üçün düzgün şəkildə istifadə olunması vacibdir. 

Foodinfo.az xəbər verir ki, lobyaya limon əlavə etmək təkcə dad məsələsi deyil, eyni zamanda sağlamlıq baxımından da mühüm əhəmiyyət daşıyır.

Lobya bitki mənşəli dəmir mənbəyidir, lakin bu dəmir orqanizm tərəfindən çətin sorulur. Limonun tərkibindəki C vitamini dəmirin mənimsənilməsini əhəmiyyətli dərəcədə artırır. Bu xüsusilə qanazlığı riski olan şəxslər üçün vacib sayılır.

Limon lobyanın həzmini də asanlaşdırır. Lobya bəzi insanlarda qaz və şişkinlik yarada bildiyi üçün limon mədə və bağırsaq fəaliyyətini stimullaşdıraraq bu narahatlıqları azaldır.

Araşdırmalara əsasən, limon lobya yeməklərinin qan şəkərini daha stabil saxlamasına da kömək edir. Turş mühit karbohidratların sorulmasını bir qədər ləngidərək ani şəkər yüksəlməsinin qarşısını alır.

Eyni zamanda limon lobya yeməyinə təravətli dad qatır və yeməyi daha yüngül hiss etdirir. Limonun yemək bişdikdən sonra əlavə edilməsini tövsiyə edilir, çünki bişirmə zamanı əlavə olunan turşu lobyanın gec yumşalmasına səbəb ola bilər.

Sadə bir vərdiş olan limon əlavə etmək lobyadan alınan faydanı artırmaq üçün təsirli üsullardan biridir.