Mayonezin gündəlik istehlak üçün sağlamlıq baxımından təhlükəsiz miqdarı təxminən bir yemək qaşığıdır. Foodinfo.az bildirir ki, bunu RUDN-un Aqrar-Texnologiya İnstitutunun aqro-mühəndislik şöbəsinin dosenti, biologiya elmləri namizədi Nikolay Xomenets açıqlayıb.
Ekspert qeyd edib ki, sağlam insan üçün gündə təxminən 20–30 qram mayonez qəbul etmək mümkündür. Burada söhbət məhsulun hər hansı formada — sendviçlərdə, salatlarda və ya digər yeməklərə əlavə kimi istifadəsindən gedir.
Xomenets bildirib ki, mayonez özü zərərli məhsul olmasa da, həddindən artıq istehlakı sağlamlığa mənfi təsir göstərə bilər. Məhsul yüksək kalorili olmaqla yanaşı, tərkibində xolesterolu artıran çoxlu doymuş yağ turşuları və natrium var ki, bu da yüksək qan təzyiqi və ürək-damar problemləri riskini yüksəldir.
Yeni il bayramları ərəfəsində mayonezlə zəngin qidaların çox qəbul edilməsi həzm sistemində problemlərə yol aça bilər. Bu, qarın şişkinliyi, ağırlıq hissi, kalorilərin və yağların çoxluğu səbəbindən çəki artımı və ürəyə əlavə yük kimi özünü göstərə bilər.
Ekspert həmçinin vurğulayıb ki, mayonezlə hazırlanan salatlar uzun müddət masada saxlanılmamalıdır. Məhsul rəngini dəyişibsə, qatılaşıb, turş və ya acı qoxu verirsə, belə yeməklərdən mütləq imtina edilməlidir, çünki onlar qida infeksiyalarının inkişafı üçün əlverişli mühit yaradır.






