Ümümtəhsil müəssisələrində şagirdlərin qidalanması diqqət mərkəzində olan məsələlərdən biridir. Bəzi valideynlər övladlarına evdə hazırlanan yeməklər qoysalar da, əsas iş məktəb bufetlərinin üzərinə düşür.
Bəs təhsil müəssisələrində qidalanma ilə bağlı vahid dövlət standartı necədir? Ümumiyyətlə? məktəblilər necə qidalanmalıdır?
Suallarımıza cavab tapmaq üçün paytaxt məktəblərindən birinə üz tutduq. Burada gündəlik 5-6 çeşid isti yemək, müxtəlif növ şirniyyatlar hazırlanır. İstifadəsinə və satışına qadağa qoyulan, həmçinin məktəb bufetlərində satılmasına icazə verilən məhsulların siyahısı təhsil müəssisələrinə tövsiyə şəklində təqdim edilib. Amma iş təkcə bufetlərdə satılan qidalarla bitmir. Bu məsələdə valideynlər də diqqətli olmalıdır.
Tədris müəssisələrində, daha dəqiq desək, məktəb yeməkxanalarında çalışanlar müvafiq geyimdə olmalıdır. Bununla yanaşı, hazırlanan yeməklər həm şagirdlərin yaşlarına uyğun, həm də onlar üçün faydalı olmalıdır.
Ümumtəhsil müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı şəkər, yağ və şirniyyat tövsiyə edilmir. Məktəbli orqanizmi böyüməkdə olduğu üçün onun kalsiuma daha çox ehtiyacı var. Bu baxımdan süd və süd məhsullarının qəbulu vacibdir. Bu, uşaqlarda boy artımını dəstəkləyir, sümüklərin möhkəmliyini təmin edir. Digər tərəfdən, məktəbyaşlı uşaqların hər gün müəyyən miqdar meyvə-tərəvəz qəbulu da vacibdir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bununla bağlı məktəbəqədər və orta təhsil müəssisələrində mütəmadi olaraq monitorinqlər həyata keçirir.
Səhiyyə Nazirliyi tərəfindən məktəbəqədər müəssisələrdə və orta məktəblərdə uşaqların qidalanması barədə təklif hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Təsdiq olunduqdan sonra AQTA qidaların təhlükəsizliyinə yenidən baxacaq. Qidaların qəbulu üçün yaşıl, sarı və qırmızı vərəqələr hazırlanıb. Qəbuluna icazə verilən qidalar yaşıl, diqqətli olmağı tələb edən məhsullar sarı, qırmızı vərəqələrdəki qidalar isə uşaqların qida rasionundan tamamilə çıxarılmasının vacibliyini bildirəcək.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir