Bayram günlərində uşaqlara verilən şirin hədiyyələr uzun illərdir ənənəvi hesab olunur. Foodinfo.az bildirir ki, pediatrlar və allergoloqlar bu cür hədiyyələrin uşaqların sağlamlığı üçün ciddi risklər daşıdığını vurğulayırlar. Rusiyalı pediatr Yekaterina Morozovanın sözlərinə görə, şirniyyatlar təkcə allergiya yaratmaqla kifayətlənmir, eyni zamanda bağırsaq mikrobiomunu poza bilər.

Mütəxəssis qeyd edib ki, konfet və şokoladların tərkibində tez-tez güclü allergenlərə rast gəlinir. Bunlara qoz-fındıq, soya, süd zülalları, yumurta, qlüten və digər komponentlər daxildir. Atopiyaya meyilli uşaqlarda hətta çox kiçik miqdar belə ağır allergik reaksiya yarada bilər. Bu reaksiyalar dəri səpgilərindən başlayaraq, anafilaktik şoka qədər irəliləyə bilər.

Həkim xüsusilə “gizli allergenlər” probleminə diqqət çəkib. Bir çox məhsulun üzərində “qoz izləri ola bilər” və ya “süd məhsulları emal olunan xəttdə istehsal edilib” kimi qeydlər yer alır. Allergiyası olan uşaqlar üçün bu cür xəbərdarlıqlar həyati əhəmiyyət daşıyır. Lakin hədiyyə üçün alınan və ya üçüncü şəxslər tərəfindən verilən şirniyyatların tərkibi çox vaxt valideynlər tərəfindən diqqətlə yoxlanılmır.

Digər risk amili isə qida əlavələridir. Rəngləndiricilər (E102, E110, E122), süni ətirvericilər və konservantlar bəzi uşaqlarda həqiqi allergiya olmasa belə, psevdoreaksiyalar yarada bilər. Xüsusilə azyaşlı uşaqlarda ferment və detoksifikasiya sistemləri tam formalaşmadığı üçün bu maddələr daha təhlükəli hesab olunur.

Mütəxəssisin sözlərinə görə, şirin hədiyyələrin tərkibində yüksək miqdarda şəkər və transyağlar olur. Bu maddələr bağırsaq mikrobiomunu pozaraq immun sistemin zəifləməsinə səbəb ola bilər. Disbioz allergenlərin qana keçməsini asanlaşdırır və yeni həssaslıqların yaranmasına zəmin yaradır. Bronxial astma, atopik dermatit və allergik rinit diaqnozu olan uşaqlar isə xüsusi risk qrupuna daxildir.

Həkim vurğulayıb ki, “təbii” adlandırılan şirniyyatlar da tam təhlükəsiz deyil. Bal güclü allergen sayılır və 1 yaşadək uşaqlara botulizm riski səbəbilə tövsiyə edilmir. Quru meyvələr isə tez-tez kükürd dioksidi (E220) ilə emal olunur ki, bu da astmalı uşaqlarda bronxospazma səbəb ola bilər.

Sonda pediatr valideynlərə tövsiyə edib ki, şirin hədiyyə seçimi sadəcə diqqət jesti deyil, məsuliyyətli yanaşma tələb edir. Daha təhlükəsiz alternativ kimi tərkibi aydın göstərilən hipoallergen məhsullara, yaxud kitab, oyuncaq və dəftərxana ləvazimatlarına üstünlük verilməlidir. Allergiyası olan uşaqlar üçün isə antihistamin preparatların hər zaman əl altında olması vacib hesab olunur.