Binəqədi rayonu ərazisində yerləşən duz gölündə bir neçə müddətdir ki, duz “yetişib” və texnikalar həmin duzu toplamaqla məşğuldur. Ancaq ölkəni yodlu duz ilə təmin edən əsas duz gölü və zavodu Masazırda yerləşir. Böyük ərazini əhatə edən Masazır gölü Binəqədidəki kimi ağarmayıb. Kənardan baxanda heç də burada duz olduğunu anlamaq olmaz. Zavoda çatırıq və bizi zavodunun direktoru Nəbi Zeynalzadə qarşılayır. Ağ xalat geyinib zavoda daxil oluruq.
Ölkəni yodlu duzla təmin edən Masazır duz göl və zavodundan Reportaj -  FOTO - VİDEO
Direktor bildirir ki, əvvəllər insanlar çox əziyyət çəkib: “Uzun illərdən bəri süfrələrimizdə keyfiyyətsiz, yodlaşdırılmamış duzların istifadəsi isə müxtəlif xəstəliklərin yayılmasına səbəb olub. Həmçinin 2005-ci ildə UNİCEF Azərbaycanla bağlı açıqlamasında ölkədə istehlak olunan duzun 75%-də yod çatışmazlığı olduğunu qeyd edib. Buna görə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə UNİCEF "Azərsun-Holdinq”ə təklif etdilər ki, Masazır duz gölünün yaxınlığında duz zavodu yaradılsın. Həmin zavodda da yodlaşdırılmış duz istehsal edilsin. Bu baxımdan 2008-ci ildən zavodun tikintisinə başlanılıb. 2010-cu ildə isə prezident İlham Əliyev zavodun açılışını edib. O gündən bu günə zavod öz işini davam etdirərək, əhalini yodlaşdırılmış duzla təmin edir. Masazır Duz Zavodunun istifadəyə verilməsində əsas məqsəd yüksək keyfiyyətli məhsulla ölkəni təmin etmək və yod çatışmazlığı problemini birdəfəlik aradan qaldırmaqdır".
Ölkəni yodlu duzla təmin edən Masazır duz göl və zavodundan Reportaj -  FOTO - VİDEO
Direktor bildirir ki, zavodda ildə 50 min ton duz istehsal edilir: "Biz yodlaşdırılmış duzdan əlavə, yodlaşdırılmamış duz da istehsal edirik. Yodlaşdırılmamış duz təsərrüfatda, qazanxanalarda, heyvandarlıqda, dəriçilikdə və yollarda istifadə üçün nəzərdə tutulub. Masazır gölündən 1813-cü ildən etibarən duz hasil olunur. Bu, təbii sərvətdir. Bu sərvəti qorumaq üçün ətrafına dəmir hasar çəkilib. Əvvəllər bura yaxın ərazilərdəki insanlar və ətraf yerlərdə yaşayanlar bu gölün duzundan faydalanıblar. Lakin kustar üsulla, natəmiz şəraitdə yığılan duz insanlara satılırdı. Zavod yaradılandan sonra artıq o şəraitə icazə verilmədi və həmin insanlar zavoda işə götürüldü. 24 saat xüsusi avtomobillərlə zavodun əməkdaşları əraziyə nəzarət edirlər ki, kustar üsulla duz istehsal edənlər duz apara bilməsinlər. Zavodda hazırda işləyən işçilərin böyük əksəriyyəti ətrafda yaşayan insanlardır. Masazır gölündən əlavə Binəqədidə yerləşən göldən də duz gətirilir. O duz əsasən, təsərrüfatda və sənayedə istifadə üçündür. Amma qışda göldə duzluluq az olanda həmin duzdan xammal kimi gölə tökülür. Zavodda həm yodlu, həm də yodsuz duz istehsal edilir. Yodsuz duz təsərrüfat və sənaye üçün istifadə edilir. Məsələn, fermerlər, balıqçılar heyvanlar üçün həmin duzları alır. Amma qida üçün yodlu duz istehsal edilir. Duzlar müxtəlif qablaşdırmadadır. Həm qutuda, həm də polititen paketlərdə var. Daxili istehsal olduğu üçün qiyməti də münasibdir”. Nəbi Zeynalzadənin sözlərinə görə, Bakıda duz gölü çoxdur və elə göllər var ki, onun suyuna neft də qarışıb: "Kustar üsulla duz istehsal edənlər çox zaman o göllərdən duz çıxarıblar. Burada isə duz gölün suyundan alınır. Su göldən alınır və müəyyən maddələrlə qarışdırılır. Həmin maddələr ona görə vurulur ki, istehsal prosesində avadanlıqlar koroziyaya uğramasınlar. Maddələr vurulduqdan sonra böyük hovuzlarda saxlanılır. Daha sonra bir neçə proses həyata keçirilir. Zavodda bütün sistem avtomatlaşdırılıb və kompüterlə idarə edilir”. Direktor bizi Azərbaycan Duz İstehsalat Birliyinin istehsalat müdiri Ruslan Allahverdiyevlə tanış edir və qalan proseslər barədə məlumatları ondan almalı olduğumuzu bildirir. Ruslan Allahverdiyev gölü göstərərək bildirir ki, su göldən alındıqdan sonra natrium karbonat (soda) qatılaraq birinci hovuza verilir: “Bundan sonra su bir neçə prosesdən keçir, qaynadılır, daha sonra duz sudan ayrılır. Həmin anda ona yod və antikek vurulur. Antikek duzu daşlaşmağa qoymur. Ondan sonra da quruma prosesi başlayır. Sonda duz bunkerlərə doldurulur və ardınca paketləmə prosesi həyata keçirilir”. İstehsal müdiri bildirir ki, zavodun laboratoriyası var və orada hər saatbaşı duzdan analizlər götürülür: “Həmin duz standarta uyğun olmadığı zaman, yenidən xam duz kimi gölə tökülür”. Laboratoriya ilə tanış olmaq üçün içəri keçirik. Laboratoriya otağında ənənəvi olaraq analiz aparmaq üçün kolba, duz nümunələri var.
Azərbaycan Duz İstehsalat Birliyinin “Keyfiyyətə və Prosesə nəzarət” və “Laboratoriya” şöbəsinin müdiri Tural Əsgərovun sözlərinə görə, göldən çıxarılan duzda kalsium, maqnezium və xlorun miqdarı, nəmlik, yod miqdarı və suda həll olmayan quru qalıq analizləri aparılır: "Bu analizlər həm sudan, həm də hazır məhsuldan götürülən nümunələr əsasında aparılır. Keyfiyyət planı əsasında işləyirik. Bu planda analizlərin götürüldüyü nöqtələr və hansı analizlərin aparılacağı hamısı qeyd olunub. Əsas hədəfimiz yoddur. Çünki yod insan sağlamlığında böyük rol oynayır. Səhiyyə nazirliyinin qoyduğu limit daxilində saxlanması lazım olduğu üçün mütəmadi nəzarətdə saxlayırıq". Şöbə müdiri bildirir ki, Masazır duz gölündə ağır və radioaktiv metallar çox azdır: "Gölün suyunu aidiyyəti qurumlar analiz ediblər. Nəticələr limitdən qat-qat aşağıdır. Kustar üsulla hazırlanmış duzun tərkibində suda həll olunmayan quru qalıq var: "Bu qalıq təmizlənmir. Habelə, həmin duzların tərkibində yod olmur. Xam duzda kalsium, maqnezium çox ola bilər. Kustar üsulla hazırlanan duzda sağlamlıq üçün çox zərərli maddələr var". Laboratoriyadan çıxırıq və paketləmə prosesini izləmək üçüm ayağımıza baxıl, başımıza papaq geyinib, paketləmə zalına giririk. İstehsalat müdiri bildirir ki, zavodun bütün avadanlıqları İsveçrə, Almaniya və Türkiyə istehsalıdır: “Paketləmə prosesində ən son gələn aparat hər işi özü görür. Ancaq ondan bir nəsil köhnə aparatlarda isə bir az fərqlidir. Məhsul paketlərə dolduqdan sonra işçilər 14 ədəd paketi politilen paketə qablaşdırırlar. Ondan sonra isə hazır paketlənib, qablaşdırılan məhsul anbara yola salınır”. Ruslan Allahverdiyev bildirir ki, anbardakı sistem də tam avtomatlaşdırılıb: “Məhsulları barkoduna və istehsal tarixinə görə yerləşdirilir. Mağazalara aparılmaq üçün anbarda olan məhsulların əvvəl istehsal ediləni antomatik çıxarılır. Məsələn, əvvəlcə avqust ayında sonra sentyabr ayrında istehsal edilən məhsul anbardan satışa çıxarılır. İstehsal edilən məhsulun 9 ay istifadə müddəti var. O müddətdən sonra yodluluq aşağı düşdüyü üçün istifadə etmək olmaz. Geri qayıdan məhsul gölə tökülür və proseslər yenidən 0-dan həyata keçirilir. Yəni istifadəyə yararsız duz satışa üçün nəzərdə tutulan duza qatıla bilməz. Lap istəsək də, mümkün deyil”. (open.az)