Həkim-terapevt, nutrisoloq və qastroenteroloq Yelena Pavlova bildirib ki, insan orqanizmi sərt qadağaları sevmir və bu yanaşma əks təsir göstərə bilər. Foodinfo.az xəbər verir ki, mütəxəssis aif.ru-ya açıqlamasında “qadağan olunmuş qidalar” siyahısı tərtib etməkdənsə, gündəlik rasiona faydalı məhsullar əlavə etməyin daha düzgün olduğunu vurğulayıb.

Pavlovanın sözlərinə görə, hansı qidanın orqanizmə uyğun olmadığını anlamaq üçün qidalanma gündəliyi aparmaq faydalıdır. Bu üsul yeməkdən sonra bədənin reaksiyasını izləməyə imkan verir və zamanla şüurlu qidalanma vərdişinin formalaşmasına kömək edir. Mütəxəssis qeyd edib ki, əsas məqsəd sürətli çəki itirmək deyil, uzunmüddətli sağlam vərdişlər qazandırmaqdır.

Öz növbəsində, tibb elmləri namizədi, dietologiya üzrə mütəxəssis Marqarita Korolyova bayram günlərində diqqətli olmağı tövsiyə edib. O, Yeni il üçün salatların bir neçə gün əvvəldən hazırlanmasının zəhərlənmə riskini artıra biləcəyini bildirib və bayramın əvvəlcədən planlaşdırılmasını, həmçinin ehtiyat üçün ferment və sorbentlərin saxlanmasını məsləhət görüb.