Qış aylarında immun sistemini gücləndirmək və orqanizmin vitamin-mineral ehtiyacını qarşılamaq üçün mövsümi tərəvəzlərin istehlakı xüsusi əhəmiyyət daşıyır. Qış tərəvəzləri həm soyuğa davamlıdır, həm də yüksək qida dəyərinə malikdir.

Foodinfo.az xəbər verir ki, ən çox tövsiyə edilən qış tərəvəzləri sırasında kələm növləri ön plana çıxır. Ağ kələm, qırmızı kələm və gül kələmi C vitamini, lif və antioksidantlarla zəngindir, immuniteti gücləndirməyə kömək edir.

Kök tərəvəzləri də qış süfrələrinin vazkeçilməzidir. Yerkökü, çuğundur, turp və şalgam qan dövranını yaxşılaşdırır, həzmi dəstəkləyir və bədəni enerji ilə təmin edir. Xüsusilə çuğundur qanazlığı olan şəxslər üçün faydalı hesab olunur.

Yarpaqlı yaşıl tərəvəzlərin qışda da istehlak edilməsi tövsiyə edilir. İspanaq, pazı və kahı dəmir, fol turşusu və K vitamini baxımından zəngindir.

Qış aylarında geniş istifadə edilən soğan və sarımsaq isə təbii antibiotik kimi tanınır. Bu tərəvəzlər soyuqdəymə və qrip riskini azaltmaqda mühüm rol oynayır.

Qış tərəvəzləri mövsümündə istehlak edildikdə həm daha faydalı, həm də daha dadlı olur. Sağlam qidalanma üçün qış aylarında tərəvəz rasionunu zəngin saxlamaq mütəxəssislər tərəfindən tövsiyə edilir.