Uşağın cinsiyyətinin planlaşdırılması insanları qədim zamanlardan maraqlandırır.
İnternetdə qız və ya oğlana hamilə qalmaq üçün müxtəlif "üsullar" təqdim olunur. "Mütəxəssislər" qan qruplarına, qadının doğulduğu tarixinə və s. əsaslanaraq gələcək uşağın cinsini planlaşdırmağa cəhd edir.
Belə üsullardan biri də pəhrizdir. Belə hesab olunur ki, bəzi qidaların ananın pəhrizindən çıxarılması, digər qidaların isə əlavə olunması ilə gələcək uşağın cinsini planlaşdırmaq mümkündür.
Nəzərinizə çatdıraq ki, elmdə bu təsdiq olunmayıb və heç bir araşdırma ananın pəhrizi ilə gələcək uşağın cinsiyyəti arasında əlaqəni aşkar etməyib.
Ümumiyyətlə ana ilə bağlı olan heç bir belə "planlaşdırma üsulu", heç bir "hesablama" və s. nəticə verə bilməz. Nə üçün? İlk növbədə bilmək lazımdır ki, uşağın cinsiyyəti fiziki olaraq qadından asılı deyil. Qadın orqanizmində 2 eyni cinsi xromosom var - XX. Kişi orqanizmində isə cinsi xromosomlar fərqlidir - XY.
Mayalanmada iştirak edən kişi və qadının cinsi hüceyrələrində yalnız 1 cinsi xromosom olur. Qadınlarda bu yalnız X, kişilərdə isə X və ya Y. Beləliklə qadın cinsi hüceyrəsi kişinin X xromosomunu daşıyan hüceyrə tərəfində mayalanarsa, XX əmələ gəlir ki, bu da o deməkdir ki, dünaya qız uşağı gələcək.
Qadın cinsi hüceyrəsi kişinin Y xromosomunu daşıyan hüceyrə tərəfindən mayalanarsa, XY dəsti yaranır ki, bu da onu göstərir ki, oğlan uşağı doğulacaq. (Saglamolun.Az)