Şəkərsiz qazlı mineral sular bəzi hallarda həzm üçün faydalı sayılır. Foodinfo.az BB.LV-yə istinadla xəbər verir ki, apteklərdə satılan və müəyyən sağlamlaşdırıcı qida rejimlərində tövsiyə edilən mineral suların əhəmiyyətli hissəsi qazlı olur. Bu isə bir çox insanı düşündürür: görəsən, qazlı su doğrudanmı orqanizm üçün faydalıdır, yoxsa zərərlidir?
Məlumdur ki, qazlı suyun tərkibində karbon qazı mövcuddur və bu da ona özünəməxsus “köpüklü” dad verir. Mütəxəssislər qeyd edirlər ki, bütün qazlı içkiləri eyni kateqoriyaya aid etmək düzgün deyil. Şirin qazlı içkilər sağlamlıq üçün risk yaratsa da, sadə və şəkərsiz qazlı sular əsasən sərinləşdirici məqsədlə hazırlanır. Bu baxımdan əsas sual qazlaşdırmanın özünün orqanizmə təsiri ilə bağlıdır.
Karbon qazı su ilə birləşdikdə zəif turşu olan karbon turşusu əmələ gətirir. Bu turşu ağız boşluğundakı sinir uclarını qıcıqlandıraraq yüngül sancma hissi yaradır. Qazlı suyun turşuluq göstəricisi adətən 3–4 arasında dəyişir. Lakin bu hal orqanizmin “turşulaşması” anlamına gəlmir. Artıq karbon qazı ağciyərlər və böyrəklər vasitəsilə xaric olunur və qanın turşu-qələvi tarazlığı 7,35–7,45 səviyyəsində saxlanılır.
Mütəxəssislərin sözlərinə görə, qazlı su ilə bağlı əsas narahatlıqlardan biri onun diş minasına təsiridir. Turş mühit qısa müddətli “turşu zərbəsi” yarada bilər. Araşdırmaların bir hissəsi göstərir ki, qazlı su diş minasına qazsız sudan cüzi dərəcədə çox təsir edir. Digər tədqiqatlar isə bunun əksini iddia edir. Buna görə də alimlər hələlik yekdil rəyə gələ bilməyiblər. Lakin ümumi fikir ondan ibarətdir ki, qazlı suyun dişlərə təsiri şirin qazlı içkilərlə müqayisədə xeyli zəifdir.
Həzm sistemi baxımından isə qazlı su bəzi üstünlüklərə malikdir. Elə bu səbəbdən də belə sular tez-tez aptek şəbəkələrində satılır. Qazlı su udmanı asanlaşdırır və yeməkdən sonra toxluq hissini artıra bilər. Bu, qidanın mədədə bir qədər uzun müddət qalmasına şərait yaradır və iştahanın tənzimlənməsinə kömək edir. Bundan əlavə, qazlı su qəbizliyin yüngülləşdirilməsində də müsbət rol oynaya bilər.
Mütəxəssislər vurğulayırlar ki, tərkibində şəkər olmayan qazlı suyun istifadəsi ümumilikdə təhlükəsiz hesab olunur. Əgər bu cür su sizin xoşunuza gəlirsə, ondan imtina etmək üçün ciddi əsas yoxdur. Əsas şərt isə şəkərli və rəngləndiricili qazlı içkilərlə onu qarışdırmamaqdır.






