Bayram günlərində şirniyyata nəzarətli yanaşma sağlamlığın qorunması üçün vacibdir. Foodinfo.az BB.LV-yə istinadla xəbər verir ki, Yeni il bayramları ərəfəsində şirniyyat istehlakı artsa da, düzgün yanaşma ilə onları sağlamlığa zərər vermədən yemək mümkündür. Həkim-dietoloq Tatyana Meşçeryakovanın sözlərinə görə, ilk növbədə gündəlik şəkər normasına əməl etmək vacibdir. Mütəxəssis bildirib ki, üç-beş yaş arası uşaqlar üçün gündəlik şəkər norması 12 qram, beş-yeddi yaşlı uşaqlar üçün isə 15 qramdan artıq olmamalıdır. Yeniyetmələrə isə sutkada maksimum 20 qram şəkər qəbuluna icazə verilir.
Dietoloq qeyd edib ki, bu miqdar təxminən gün ərzində üç-beş ədəd şirniyyata bərabərdir. Sağlam yetkin qadınlar üçün gündəlik şəkər norması 35–40 qram, kişilər üçün isə 40–50 qram hesab olunur. Bu göstərici təxminən 100 qram torta və ya 300–400 millilitr alma şirəsinə uyğun gəlir. Meşçeryakova vurğulayıb ki, mümkün olan hallarda şəkəri rasiondan çıxarmaq daha məqsədəuyğundur. Xüsusilə ketçup, turşməzə və bal əsaslı souslardan uzaq durmaq tövsiyə edilir.
Mütəxəssis diqqətə çatdırıb ki, artıq şəkər təkcə şirniyyatlarda deyil, konservləşdirilmiş qarğıdalı, noxud və digər tərəvəzlərdə, eləcə də bəzi meyvə məhsullarında da ola bilər. Bundan əlavə, yarımfabrikat ət məhsulları və kolbasaların tərkibində də şəkərə rast gəlinir. Bu səbəbdən məhsul alarkən tərkib hissələrini diqqətlə oxumaq tövsiyə olunur. Dietoloq valideynlərə uşaqlarla birlikdə gündəlik şirniyyat miqdarı barədə əvvəlcədən razılaşmağı məsləhət görüb.
Onun sözlərinə görə, şirniyyatları göz önündə saxlamaq düzgün deyil və onları günün ikinci yarısında, ölçülü şəkildə istehlak etmək daha məqsədəuyğundur. Meşçeryakova bildirib ki, şirniyyat anlayışı yalnız tort və pirojnalarla məhdudlaşmır. Meyvə pastilası, kəsmikli desertlər, muslar və marmelad da alternativ şirin məhsullar hesab olunur. Şəkərli qazlı içkilər isə şəkərsiz mors və ya təbii şirələrlə əvəz edilə bilər.
Dietoloq əlavə edib ki, bayram günlərində fiziki aktivliyin artırılması da xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, həm uşaqlar, həm də böyüklər hər gün ən azı bir saat təmiz havada aktiv gəzintilər etməlidirlər. Qar topu oynamaq, xizək sürmək, konkidə sürüşmək və ya meşədə gəzmək orqanizmi oksigenlə zənginləşdirir və artıq şəkərin mənfi təsirlərini azaltmağa kömək edir. Mütəxəssis vurğulayıb ki, balanslı qidalanma və hərəkətli həyat tərzi bayram süfrəsinin sağlam keçməsinin əsas şərtidir.






